www.science.az
27.03.2014 00:00

AMEA Genetik Ehtiyatlar İnstitutunun gənc alimləri Fransada təlim kursu keçiblər

AMEA Genetik Ehtiyatlar İnstitutunun gənc alimləri - biologiya üzrə fəlsəfə doktorları Cavid Ocaqi və Samirə Salayeva Fransanın Bordo şəhərində yerləşən Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun Meyvələrin biologiyası və patologiyası şöbəsində bir ay müddətində təlim kursu keçmişlər.

Kurs “STONE” layihəsi və AR Prezidenti yanında Elmin İnkişafı Fondunun 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi” adlı pilot layihə çərçivəsində həyata keçirilmişdir.

Alimlər institutda ilk dəfə quraşdırılmış gələcək nəsil sekvenseri (İon PGM və İon Proton) aparatı vasitəsilə bitki orqanizmlərinin bütöv genomlarının nukleotid ardıcıllıqlarının oxunması nəticəsində əldə olunan xam məmulatların bioinformatik və biostatistik üsullarla analizini öyrənmək məqsədilə tədqiqatlar aparmışlar.

Təlim kursunun nəticələri ilə bağlı AMEA Genetik Ehtiyatlar İnstitutunda “Genomun nukleotid ardıcıllığının Sanger və gələcək nəsil sekvenseri vasitəsilə oxunma prinsipləri” və “Gələcək nəsil sekvenseri vasitəsilə əldə olunmuş nəticələrin analizi, SNP-lərin aşkarlanması” mövzusunda elmi seminar keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.