www.science.az
22.11.2017 09:57

Alimlər karbon dioksid və metan qazlarını katalizator vasitəsilə sintetik qaza çeviriblər

Alimlər atmosferdə istixana effektinə ən çox səbəb olan karbon dioksid və metan qazlarını yanacağa çevirə bilən katalizator hazırlayıblar.

nplus1.ru saytı xəbər verir ki, İngiltərənin Surrey Universitetinin alimləri nikel, qalay və serium dioksid əlavə edilmiş katalizator birləşməsi hazırlayaraq karbon dioksid və metan qazlarını yanacaq kimi istifadə edilə bilən sintetik qaza çevirməyi bacarıblar.

Araşdırmaçı Tomas Reina bildirib ki, ən böyük hədəf atmosferdəki zərərli qazların təsirini tərsinə çevirməkdir. Yeni texnologiya yalnız ziyanlı qazların atmosferə atılmasının qarşısını almır, eyni zamanda, onları enerjiyə çevirərək yenidən istifadəyə qaytarır.

Tədqiqatçılar bu kəşfin karbon qazı ilə mübarizədə yeni mərhələ olacağını güman edirlər.

Həmin texnologiyanın sənaye istehsalına inteqrasiyası üçün həll yolları axtarılır.

Qlobal Karbon Layihəsinin məlumatlarına görə, 2006-cı ildən etibarən karbon qazının atmosferdə miqdarı hər il orta hesabla üç faiz artır. BMT tərəfindən 2015-ci ildə qəbul edilən Paris İqlim Sazişində nəzərdə tutulan qlobal temperatur artımının əsrin sonunadək iki dərəcədən aşağı, ideal olaraq 1,5 dərəcə səviyyəsində saxlanılması məqsədilə karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması lazımdır.