Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

21.11.2017 11:52
  • A-
  • A
  • A+

“Bəkirnamə” kitabı ictimaiyyətə təqdim olunub

“Bəkirnamə” kitabı ictimaiyyətə təqdim olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Fuadın müəllifi olduğu “Bəkirnamə” kitabının təqdimatı keçirilib.

Kitab görkəmli ədəbiyyatşünas alim, "Şöhrət" və "İstiqlal" ordenli, Əməkdar elm xadimi, iki dəfə Dövlət mükafatı laureatı olmuş, akademik Bəkir Nəbiyevə həsr olunub.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli elm xadimi Bəkir Nəbiyev haqqında yazılan çoxsaylı məqalə və kitablarla müqayisədə bu əsərin bəzi elementlərə istinad edilərək elmi publisistik üslubda, epizodik şəkildə və hər bir oxucunun anladığı dildə yazıldığını diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti “Bəkirnamə”də görkəmli alimin elmi fəaliyyəti ilə yaşadığı gerçəkliklərin ibrətamiz cəhətlərinin sintez edilməsini və B.Nəbiyevin çoxşahəli elmi fəaliyyətinin geniş təhlil olunmasını uğurlu müəllif tapıntısı adlandırıb.   

Sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək bildirib ki, böyük tarixi şəxsiyyətlər haqqında yazılan namələr - Şahnamə, İsgəndərnamə, Bəhramnamə, Oğuznamə - kimi Bəkirnamənin də yazılması çox təbiidir: “Namə - el arasında öz sahəsində nüfuz qazanan, müstəsna xidmətləri olan bir insandan soraq verir. “Bəkirnamə”də fenomen bir insanın, zəngin irsə sahib olan elm xadiminin taleyi işıqlandırılır”.

T.Kərimli B.Nəbiyevin Azərbaycan ədəbiyyatı sahəsində elmi məktəb yaratdığını söyləyib, onun zəngin mənəvi keyfiyyətlərindən, xeyirxah əməllərindən və yüksək vətənpərvərliyindən söz açıb.

Xalq şairi Sabir Rüstəmxanlı görkəmli alimin Azərbaycan elminin inkişafındakı rolunu və mövqeyini xüsusi qeyd edib. Bildirib ki, Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin görkəmli nümayəndələrindən, Azərbaycan elmi fikrinin qüdrətli simalarından idi.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Bəkir Nəbiyevin tələbəsi, millət vəkili Jalə Əliyeva, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Türk Dünyası Bakı Atatürk Liseyinin direktoru Hüseyin Demirel və digər çıxış edənlər alimin çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən danışıblar.

Daha sonra “Bəkirnamə” kitabının müəllifi, fil.ü.f.d. Esmira Fuad bildirib ki, zəngin yaradıcılığı ilə Azərbaycan elmində öz parlaq səhifəsini yaratmış, ədəbiyyatşünaslığımızın dinamik inkişafında müstəsna xidmətləri olan Bəkir Nəbiyev haqqında  belə bir əsərin yazılması onun son beş illik fəaliyyətinin nəticəsi və öz müəlliminə böyük ehtiramın nümunəsidir.

Sonda  mərhum akademikin qızı, Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ailəsi adından atasının xatirəsinə göstərilən ehtirama görə kitabın ərsəyə gəlməsində zəhməti olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: