www.science.az
21.11.2017 09:34

AMEA-nın Mikrobiologiya İnstitutu Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın Mikrobiologiya İnstitutu ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov və LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov imzalayıblar.

5 il müddətinə nəzərdə tutulan müqavilədə Cənubi Xəzərin Lənkəran-Astara şelfinin müasir sanitar hidrobioloji və ekoloji vəziyyətinin birgə öyrənilməsi və bu sahədə mütəxəssislərin hazırlanması nəzərdə tutulub. Xəzərətrafı ərazilərdə sahil sularının müasir ekoloji vəziyyətinin öyrənilməsi, ekosistemin sabitliyinin mühafizəsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin əsaslandırılması üçün kompleksyönümlü mikrobioloji, hidrobioloji tədqiqatların aparılması da müqavilənin şərtlərinə daxildir.

Müqaviləyə əsasən, universitet Lənkəran-Astara bölgəsində introduksiya olunmuş nadir qiymətli təsərrüfat göstəriciləri olan bəzi bitkiləri müəyyənləşdirərək, həmin bitkilərin Mikrobiologiya İnstitutunun ərazisində iqlimləşməsini həyata keçirmək üçün ilkin materialı təşkil etməyi öhdəsinə götürür.

Eyni zamanda, LDU Xəzərin Lənkəran-Astara şelfində vətəgə əhəmiyyətli, qiymətli balıq növlərinin inkişafı və örüş yerləri kimi yüksək dərəcəli bioloji məhsuldarlığı ilə səciyyələnən akvatoriyanı öyrənəcək, Xəzər sahilinin rekreasiya, kurort-turizmin inkişafı üçün lazımi yerlər haqqında məlumatlar hazırlayacaq.

Mikrobiologiya İnstitutu isə öz növbəsində, tədqiqatın nəticələrini LDU-ya təqdim edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.