Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvləri Novruz Quliyev və Əlişir Musayev “Tərəqqi” medalı ilə təltif olunublar
20.11.2017 14:19
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvləri Novruz Quliyev və Əlişir Musayev “Tərəqqi” medalı ilə təltif olunublar

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında” 8 noyabr 2017-ci il tarixli Sərəncamı ilə AMEA-nın müxbir üzvləri Novruz Quliyev və Əlişir Musayev “Tərəqqi” medalı ilə təltif olunublar.

Qeyd edək ki, ölkəmizdə fotosintezin biokimyası, fiziologiyası və molekulyar biologiyası sahələrində tanınmış alim, AMEA-nın müxbir üzvü Novruz Quliyev Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirinin müavinidir. O, 2005-ci ildən nazirliyin nəzdində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin fəaliyyətinə rəhbərlik edir. Alimin elmi fəaliyyəti avtotrof orqanizmlərdə fotosintetik fermentlərin və onların tənzimlənməsinin tədqiqinə həsr edilib.

Biokimyaçı alim tərəfindən ilk dəfə olaraq fototrof bakteriyalarda universal tənzimləyici sistem olan tsiklik adenozinmonofosfat sistemi aşkar edilib. O, bitki mənşəli karboanhidraza fermentini homogen şəkildə ayıraraq kristallaşdırmış, fermentin fiziki-kimyəvi xassələrini və struktur-funksional təşkilini hərtərəfli öyrənib, onun dördüncü quruluşunun molekulyar modelini təklif edib. N.Quliyev 2001-ci ildən AMEA-nın müxbir üzvüdür.

Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Əlişir Musayevin əsas elmi fəaliyyət istiqamətləri isə sinir sisteminin müxtəlif xəstəlikləri zamanı fiziki və kurort amillərin orqanizmə müalicəvi təsirinin neyrofizioloji əsaslarının öyrənilməsinə həsr olunub. O, baş beyinin və onurğa beyinin damar patologiyalarının fiziki amillərlə yeni müalicə üsullarının və reabilitasiya prinsiplərinin ən aktual problemlərinin həllinə yönələn və beynəlxalq səviyyədə qəbul edilən elmi işlərin müəllifidir. Alim bu patologiyalar zamanı orqanizmin pozulmuş hərəki funksiyalarının bərpa mexanizmlərini aktivləşdirmək üçün baş və onurğa beyinin hərəki mərkəzlərinə desimetrli elektromaqnit dalğaları vasitəsilə istiqamətli təsirə əsaslanan, obyektiv neyrofizioloji tədqiqatlara söykənən orijinal elmi konsepsiya irəli sürüb. 

Ə.Musayevin elmi araşdırmalarının nəticələri 400-dən çox elmi əsərdə, o cümlədən sinir sisteminin yeni müalicə və reabilitasiya üsullarını təklif edən 13 ixtira və patentdə, 8 səmərələşdirici təklifdə, təbabətdə tətbiq olunan 15 metodik tövsiyəsində öz əksini tapıb. Onun rəhbərliyi ilə 2 doktorluq, 17 namizədlik dissertasiyası müdafiə edilib.

Alim 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: