Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub
20.11.2017 11:19
  • A-
  • A
  • A+

Akademik Həsən Əliyevin 110 illik yubileyi qeyd olunub

Şamaxıda Azərbaycanın görkəmli torpaqşünas alimi, ictimai-siyasi xadim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə elmi konfrans keçirilib.

Tədbir "Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutub.

Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək H.Əliyevin Azərbaycanın müasir tarixinin ən parlaq simalarından biri olduğunu qeyd edib. O, daha sonra alimin ölkəmizdə təbiət elminin inkişafındakı böyük xidmətlərindən danışıb.

Sonra AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək alimin keçdiyi həyat yolundan danışıb. O, akademikin elmi fəaliyyətinin ölkəmizdə coğrafiya, torpaqşünaslıq elmlərinin inkişafına, ətraf mühitin mühafizəsinə və ekologiya məsələlərinə həsr edildiyini bildirib.

Daha sonra institutun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri İsmayıl Quliyev, Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev, akademik Həsən Əliyevin aspirantı, aqrar elmlər üzrə fəlsəfə doktoru Gülmurad Musayev və digərləri çıxış edərək alimin təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onun mühafizəsinin təşkili sahəsində gördüyü işlərdən danışıblar.

Sonda akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan slayd nümayiş edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: