Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.11.2017 10:30
  • A-
  • A
  • A+

Filologiya problemləri üzrə Elmi Şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Filologiya problemləri üzrə Elmi Şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Akademik Rafael Hüseynovun sədrliyi ilə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının 8-ci iclası baş tutub.

Bu dəfəki iclasda 1-i elmlər doktorluğu hazırlığı, 33-ü fəlsəfə doktorluğu hazırlığı üzrə 34 nəfər sənəd tədqim etmiş iddiaçının mövzusu müzakirə olunub, dissertant və doktorantlara gələcəkdə işlərini daha səmərəli təşkil etmək üçün tövsiyələr verilib. 

İddiaçılar içərisində elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının doktorantı Dürdanə Tahirovanın təqdim etdiyi mövzu uyğunsuz hesab edilərək təsdiq olunmayıb. Ona ixtisasına və maraq dairəsinə uyğun olan “1960-2000-ci illər rus və Azərbaycan nəsrində ziyalı obrazının transformasiyası və tipologiyası” mövzusu təklif edilib, plan-prospekt hazırlanmasına köməklik göstərilib. Bu yeni mövzu Elmi Şurada adında heç bir dəyişiklik edilmədən təsdiq edilib.

Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə müzakirəyə çıxarılan AMEA-nın Dilçilik İnstitutunun dissertantı Elnurə Abbasovanın “Azərbaycan və ərəb dillərində hal kateqoriyasının diaxronik aspektləri”, Gəncə Dövlət Universitetinin dissertantı Səfa Abadovanın “Müasir Azərbaycan ədəbi dilinin funksional sintaksis problemləri”, Ədəbiyyat İnstitutunun əyani doktorantı Maya Axundovanın “Əziz Nesin və 60-80-ci illər Azərbaycan satirik nəsri (Seyfəddin Dağlı və Anar yaradıcılığı əsasında)”, Sumqayıt Dövlət Universitetinin dissertantı Mətanət Ağasiyevanın “Qantəmirin nəsr dili”, Bakı Dövlət Universitetinin əyani doktorantı Ali İhsan Çeviyin “Qasım Tınıstanovun ədəbi-bədii görüşləri”, Bakı Slavyan Universitetinin doktorantı Aidə Ramazanzadənin “Oğuz qrupu türk dillərində yurd konsepti” və digər mövzular adlarında heç bir dəyilişlik edilmədən təsdiq olunub. 

Qeyd edək ki, iddiaçılardan bir qisminin mövzuları ötən iclaslarda daha düzgün şəkildə formalaşdırılmış, onlara yeni sərlövhəyə uyğun plan-prospektlər hazırlayaraq noyabr iclasına qatılmaq tövsiyyə edilmişdi.

Tədbirdə “Nitqdə səlis afaziyanın linqvistik xüsusiyyətləri (ingilisdilli materiallar əsasında)”, “İngilis dilində sözönülər və Azərbaycan dili hal kateqoriyasının konseptual təhlili”, “Con Ronald Ruel Tolkin və Coan Roulinq yaradıcılığı uşaq ədəbiyyatında yeni mərhələ kimi”, “Müasir Azərbaycan və türk dillərində şəkilçilərin funksional tədqiqi”, “Türk dillərində silah adlarının leksik-semantik bölgüsü”, “İngilis dilində söz yaradıcılığının yeni meyilləri”, “Azərbaycanda ictimai yayım beynəlxalq prinsiplər kontekstində”, “İngilisdilli media diskursda şəxsin linqvistik konseptuallaşması məsələləri” və digər dissertasiya mövzuları ətrafında müzakirələr geniş elmi diskussiyaya çevrilib. 

Növbəti iclaslardan birinə BDU-nun Jurnalistika fakültəsinin rəhbərliyinin dəvət edilməsi fikri irəli sürülüb. Bu təşəbbüs həmin fakültədən gələn iddiaçıların daha sanballı, aktual və ciddi elmi əhəmiyyət daşıyan mövzularla təmin olunması istiqamətində dönüş yaratmağa ehtiyac duyulması ilə bağlıdır.

Beləliklə, iclasda müzakirəsi aparılan 34 mövzudan 10-nun adında dəyişiklik edilməklə 24-ü təsdiq edilib. 

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, professorlar Atamoğlan Həsənov, Azadə Musayeva, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Mehdi Kazımov, Nadir Məmmədli, Paşa Kərimov, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: