www.science.az
20.11.2017 09:54

Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılışı olub

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YTP) Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılışı olub.

Mərkəz Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında yüksək texnologiyalar sahəsinin birgə inkişaf etdirilməsi, beynəlxalq texnologiyaların köçürülməsi, birgə yüksək texnologiyalı məhsulların yaradılması və təşviqi sahəsində əməkdaşlıq məqsədi ilə yaradılıb. 

Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış mərasimində AMEA YT Parkın rəhbərliyi, Çin-Rus İnnovasiya Texnoparkının rəhbərliyi, Çinin iş adamları və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

Tədbirdə Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna yeni texnologiyalar sahəsində Çin-Rusiya regionu üzrə ilk hökumətlərarası və dövlətlərarası təşkilat olan texnoparkın post-sovet ölkələri ilə böyük əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib. Qeyd edib ki, texnoparkın ərazisində yeni materialların hazırlanması, biofarmaseptik, elektron və mexaniki sistemlərin inteqrasiyası, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 350 rezident fəaliyyət göstərir. Yeni yaradılan mərkəz Azərbaycan və Çin arasında beynəlxalq əməkadaşlığa yeni töhfələr verəcək, Azərbaycanda innovasiya ekosisteminin qurulmasını sürətləndirəcəkdir.

AMEA YTP-nın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev milli innovasiya sistemini genişləndirmək üçün uğurlu layihələrin həyata keçirilməsinin və bu sahəyə investisiya axınının gücləndirilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, yeni yaradılan mərkəz texnologiyaların ticarətində elmin inkişaf etdirilməsi, yeni və yüksək texnologiyaların təşviq edilməsi, birgə laboratoriyaların yaradılmasına böyük təkan verəcək. Qeyd edib ki, elm, texnologiya və innovasiya vasitəsilə milli iqtisadi inkişafa töhfə vermək məqsədilə beynəlxalq əlaqələrin genişlənməsi innovasiya siyasətinin həyata keçirilməsi üçün infrastrukturun yaradılmasında mühüm rol oynayır.

Daha sonra AMEA YT Park ilə Çin-Rusiya İnnovasiya Texnoparkı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədə əsasən tərəflər birgə elmi-texniki proqramlar, innovativ layihələr həyata keçirəcək, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsi aparacaqlar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.