www.science.az
16.11.2017 09:15

Akademik Əşrəf Hüseynov

Ölkəmizin elmi ictimaiyyəti müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, böyük elm və təhsil təşkilatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Əşrəf İskəndər oğlu Hüseynovun anadan olmasının 110 illiyini qeyd etməyə hazırlaşır. 

Əşrəf Hüseynov 1907-ci il sentyabrın 20-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində  İskəndər bəy və Sara xanım Hüseynbəylilərin ailəsində dünyaya gəlmişdir. O, beş yaşında anasını, 12 yaşında isə atasını itirdikdən sonra yaxın qohumlarının himayəsində böyümüş, ilk təhsilini Füzuli rayonu kəndli gənclər məktəbində almışdır. Qeyd etmək lazımdır ki, ömrü boyu Əşrəf Hüseynovla dostluq etmiş Azərbaycanın tanınmış alim və ictimai xadimləri  Həsən Həsənov və Mehdi Mehdizadə də sonralar həmin məktəbdə təhsil almışlar. 

Əşrəf Hüseynov 1927-ci ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1928-ci ildə hələ universitetin I kurs tələbəsi ikən onu Bakı şəhərinin Lenin (Sabunçu) rayonunda fəhlə-gənclər məktəbində dərs deməyə dəvət edirlər. O, elə burada gələcək həyat yoldaşı Nəsibə xanımla tanış olur. Universitetdə təhsil alarkən, Azərbaycanın ilk ali məktəb müəllimlərindən biri olan, professor Məmmədbəy Əfəndiyev ona dərs demişdi. Valideynlərindən və ilk müəllimlərindən mükəmməl tərbiyə dərsi almış Əşrəf Hüseynov, elmin akademiklik zirvəsinə çatanda belə, Məmmədbəyi görən kimi ayağa durar, müəllimi onu oturmağa dəvət edənə qədər əyləşməzdi. Bu münasibət Məmmədbəy dünyasını dəyişənədək davam etdi.1931-ci ildə universiteti bitirdikdən sonra onu Azərbaycan Neft İnstitutunun (İndiki Azərbaycan Neft və Sənaye Universiteti) riyaziyyat kafedrasında assistent vəzifəsində saxlayırlar. İnstitutda oxuduğu illərdə Əşrəf Hüseynov bəy ailəsindən olduğuna görə çox təqib edilir, onun haqqında çoxlu sayda anonim məktublar yazılırdı.

1931-ci ildə o, aspiranturaya qəbul olunur və Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən Moskvaya - Lomonosov adına Dövlət Universitetinin Riyazi Tədqiqatlar İnstitutuna göndərilir. İki il orada oxuduqdan sonra, yenə yazışmalar başlayır və bəy nəslindən olduğuna görə onu aspiranturadan çıxarırlar.

1935-ci ildə Əşrəf Hüseynov Dadaş Bünyatzadənin qızı Nəsibə xanımla ailə həyatı qurur. O zaman Nəsibə xanım Tibb İnstitutunun  birinci kursunda oxuyurdu.

Dadaş Bünyatzadə (1888-1938) Azərbaycanda Sovet Hakimiyyəti qurulanda ilk maarif və dini etiqadlar naziri vəzifəsində çalışmışdır. Daha sonra isə Azərbaycan SSR Nazirlər Sovetinin Sədri vəzifəsində işləmişdir. 1935-ci ildə Dadaş Bünyatzadə həbs edilir və 1938-ci ildə güllələnir. Bu səbəbdən Nəsibə xanımı Tibb İnstitutundan xaric edirlər, həyat yoldaşı Əşrəf Hüseynovu işdən çıxarırlar və hökümət qərara gəlir ki, onları Sibirə sürgün etsin. Əşrəfi sorğu-suala çəkirlər. Sonralar o, danışırdı ki, sorğu-suallar çox uzun çəkirdi və qəbullarda çox gözləməli olurdum. Ona görə özümlə riyaziyyat kitabları və kağız qələm götürüb elə orada mühazirələrə hazırlaşırdım. Sən demə, məni sorğu-suala çağıranlar bunu müşahidə edir və təəccüblənirmişlər. 

Həmin dövrdə Əşrəf Hüseynovu yaxşı tanıyan və Nazirlər Sovetinin Sədri vəzifəsində işləyən Teymur Quliyev və Mərkəzi Komitənin Katibi vəzifəsində işləyən Həsən Həsənov Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin birinci katibi Mircəfər Bağırovun yanına gedirlər və onu  inandırmağa çalışırlar ki, Əşrəfin böyük gələcəyi var, riyaziyyatçı kimi o, Azərbaycana lazımdır. Mircəfər Bağırov deyir ki, yalnız bu şərtlə Əşrəfi saxlamaq olar ki, həyat yoldaşından ayrılsın. Bu zaman Əşrəf müəllim ailə üzvləri ilə birlikdə dəniz vağzalında Sibirə getmək üçün öz növbələrini gözləyirdilər. Teymur Quliyev Mircəfər Bağırovun fikrini Əşrəf  Hüseynova deyəndə, o, bildirir ki, mən haraya getsəm, Nəsibə ilə olacağam. Teymur Quliyev onun fikrini Mircəfər Bağırova çatdıranda, o, deyir ki, Əşrəf Hüseynov kişi adamdır, onunla işiniz olmasın. Bəli, həyatın ağrı-acıları, təqiblər, heç bir əsası olmayan yazı-pozular Əşrəf müəllimin simasını, mənliyini, şəxsiyyətini, qürurunu, onun çox ağır sanbalını sındıra bilmədi. Ömrünün sonuna qədər o, öz müdrikliyini, ləyaqətini, ziyalılığını, bəyzadəliyini və nəhayət, böyük insanlığını qoruyub saxlaya bildi.

Onu sakit buraxdıqdan sonra Nəsibə xanımı instituta bərpa edirlər, Əşrəf isə Moskvaya elmi işini davam etdirməyə gedir. Əşrəf Hüseynov 1940-cı ildə Moskva Dövlət Universitetinin elmi şurasında görkəmli riyaziyyatçı A. A. Buxştabın rəhbərliyi ilə “Potensiallar nəzəriyyəsinin bir məsələsinə dair” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.  Müdafiədən sonra Bakıya qayıdır və elə həmin ildən Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində, eyni zamanda, Funksiyalar nəzəriyyəsi və həndəsə kafedrasının müdiri vəzifəsində çalışmağa başlayır. Bundan əlavə o, tez-tez rayonlara gedir, istedadlı uşaqları axtarıb tapır, onların hər birinə elmin keşməkeşli yollarında irəliləmək üçün cığırlar açırdı. Universitetdə mühazirələrindən sonra Əşrəf müəllim ehtiyacı olan tələbələri və aspirantları evinə gətirər, həyat yoldaşı Nəsibə xanıma deyərdi ki, bu uşaqlara yemək ver. Cəfakeş Nəsibə xanım həyat yoldaşının xasiyyətini yaxşı bildiyindən həmişə xörəyi böyük qazanlarda bişirərdi. 

1945-ci ildə Əşrəf Hüseynov doktorluq dissertasiyası üzərində işləmək məqsədi ilə Moskvaya ezam olunur. 1948-ci ildə Moskva Dövlət Universitetində akademik Andrey Nikolayeviç Tixonovun rəhbərliyi ilə “Qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yeganəliyi teoremləri və onların bəzi tətbiqləri” mövzusunda böyük müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə edir. Onun doktorluq dissertsiyasının opponentlərindən biri dünya şöhrətli alim, akademik Mıstislav Vsevolodoviç Keldış olmuşdur. Əşrəf Hüseynov ölkəmizin tarixində riyaziyyat üzrə elmlər doktoru olmuş üçüncü azərbaycanlıdır. O, riyaziyyatın “İnteqral tənliklər və onların tətbiqləri” sahəsində görkəmli mütəxəssis idi. Onun 1940-1950-ci illərdə qeyri-xətti sinqulyar inteqral tənliklər sahəsində aldığı fundamental nəticələr görkəmli alimlər A. N. Tixonov, M. V. Keldış, M. A. Lavrentyev və başqaları tərəfindən yüksək qiymətləndirilmişdir. Bu nəticələr inteqral tənliklər nəzəriyyəsində sözün əsl mənasında bir dönüş yaratmışdır, bu istiqamətdə davam etdirdiyi tədqiqatlar və çoxsaylı tələbələrinin aldığı yeni nəticələr sayəsində Azərbaycanda beynəlxalq miqyasda qəbul olunan, qeyri-xətti sinqulyar inteqral tənliklər məktəbi yaranmışdır. Akademik Əşrəf Hüseynov qeyri-xətti inteqral tənliklərin tədqiqində tərpənməz nöqtə prinsipindən istifadə edən ilk riyaziyyatçı, qeyri-xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsinin banisi, hələ 1946-cı ildə klassik Riman-Hilbert probleminin lokal həllinin varlığını isbat edən böyük alim idi. Hələ 50-ci illərin əvvəllərində o, Privalov teoremini Hilbert nüvəli sinqulyar inteqral operator üçün ümumiləşdirmiş və bunun köməyi ilə yeni yaranmaqda olan funksional analiz metodlarını tədbiq edərək Hölder fəzalarında qeyri-xətti sinqulyar inteqral tənliklər üçün varlıq və yeganəlik teoremlərini isbat etmişdi. Əşrəf müəllimin sonrakı fundamental nəticəsi açıq kontur üzrə qeyri-xətti sinqulyar inteqral tənliklərə həsr olunmuşdur. Məhz burada o, Koşi nüvəli sinqulyar inteqral operatorlara nəzərən invariant olan açıq intervallarda kəsilməz funksiyaların Banax fəzalarını qurmuşdu. Elə bu fəzalar sonralar dünyanın tanınmış riyaziyyatçıları tərəfindən Əşrəf Hüseynov fəzaları adlandırılmışdır. Onun kəşf etdiyi və adını daşıyan “Hüseynov fəzaları” riyazi fizikanın müxtəlif problemlərinin tədqiqində sonrakı nəsil riyaziyyatçılar üçün bir örnək olmuşdur. 

O, əmək fəaliyyətinə tələbəlik illərindən başlayaraq 1928-ci ildə fəhlə kurslarında, 1929-cu ildə Sənaye Texnikumunda dərs demişdir. 1931-ci ildə Azərbaycan Sənaye İnstitutunun “Ali riyaziyyat” kafedrasında assistent, 1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Riyazi analiz” kafedrasında  dosent, 1934-1938-ci illərdə isə həmin kafedranın müdiri vəzifələrində çalışmışdır.

Akademik İbrahim İbrahimov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun üçüncü kursunda oxuyarkən Əşrəf müəllim ona “Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi” kursundan mühazirə oxumuşdur, hətta ona ilk kurs işinin mövzusunu da Əşrəf müəllim vermişdir.

O, 1940-1955-ci illərdə Azərbaycan Dövlət Universitetin (İndiki Bakı Dövlət Universiteti) “Funksiyalar nəzəriyyəsi və cəbr” kafedrasının müdiri, 1940-1943-cü illərdə Fizika-riyaziyyat fakültəsinin dekanı olmuşdur. Eyni zamanda, 1944-1948-ci illərdə ADU-nun Fizika və riyaziyyat Elmi Tədqiqat İnstitutunun Riyaziyyat bölməsinin müdiri, 1946-1953-cü illərdə akademiyanın Fizika və Riyaziyyat İnstitutunun şöbə müdiri vəzifələrində çalışmışdır.

1955-1965-ci illərdə ADU-nun “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri, eyni zamanda, Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Akademik Əşrəf Hüseynovun indiki Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat və Mexanika-riyaziyyat fakültələrinin yaradılmasında və inkişaf etdirilməsində, həmin fakültələrdə dövrün tələblərinə uyğun kafedraların təşkilində, elmi kadrlarla təmin olunmasında tarixi xidmətləri olmuşdur. O, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Əşrəf Hüseynov 80-dən çox elmi əsərin müəllifi olmuş, Azərbaycan  və rus dillərində bir neçə dərsliyi, monoqrafiyası və dərs vəsaiti çap olunmuşdur. Onun rəhbərliyi ilə 30-dan çox namizədlik dissertasiyası müdafiə olunmuş, tələbələrindən Qoşqar Əhmədov, Yəhya Məmmədov, Arif Babayev, Xalid Muxtarov, Karlen Xudaverdiyev  sonralar doktorluq dissertasiyası müdafiə etmişlər.O, 1960-cı ildə elm sahəsindəki böyük xidmətlərinə görə “Azərbaycan SSR Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.Akademik Əşrəf Hüseynov 1965-ci ildə yeni yaradılmış Kibernetika İnstitutunun direktoru vəzifəsinə təyin edilir. Həmin dövrdə Azərbaycan Elmlər Akademiyanın prezidenti olmuş Zahid Xəlilov bu vəzifəni ona təklif edəndə, Əşrəf Hüseynov ixtisası uyğun gəlmədiyinə görə tərəddüd edir, bu zaman Zahid Xəlilov deyir. “Sənin təşkilatçılıq və yüksək idarəçilik qabiliyyətinə bələdəm, düşünürəm ki, qısa bir zamanda bütün problemləri həll edəcəksən”.1970-ci ildə Əşrəf Hüseynov Azərbaycan Elmlər Akademiyası fizika-riyaziyyat və texniki elmlər bölməsinin akademik katibi vəzifəsinə irəli çəkilir.1977-ci ildə Bakıda onun 70 illik yubileyi keçiriləndə keçmiş SSRİ-nin hər yerindən tanınmış alimlər gəlmişdilər. Yubiley tədbirinə onun elmi rəhbəri, akademik Andrey Nikolayeviç Tixonov həyat yoldaşı ilə gəlmişdi.     Yüksək elmi səviyyəsinə görə o, SSRİ-nin müxtəlif ali məktəblərində xüsusi kurslar oxuyurdu və 1958-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili nazirliyi tərəfindən Albaniyaya mühazirə oxumağa ezam olunmuşdu.

SSRİ məkanında riyaziyyat sahəsində yüksək nüfuza malik olan Əşrəf müəllim Moskva, Leninqrad, Novosibirsk, Sverdlovsk və Sovet İttifaqının digər şəhərlərində çalışan tanınmış riyaziyyatçılarla elmi əlaqələr yaradıb, Azərbaycan riyaziyyatçılarının bu mərkəzlərdə elmi tədqiqat işləri aparmasında böyük rol oynamışdır. Məhz onun bu uzaqgörən elmi siyasətinin nəticəsi olaraq, XX əsrin 70-ci illərində Azərbaycanda riyaziyyatın müxtəlif sahələri ehtimal nəzəriyyəsi, riyazi iqtisadiyyat, optimal idarəetmə nəzəriyyəsi, oyunlar nəzəriyyəsi və digər sahələri sürətlə inkişaf etməyə başladı.

Bu mənada akademik Əşrəf Hüseynov Azərbaycanda riyaziyyat sahəsində böyük elmi məktəbin yaradıcılarından biri kimi elm tariximizə daxil olmuşdur.

Əşrəf müəllim o qədər diqqətli insan idi ki, gənclərin təkcə elmi əlaqələrinin inkişafı ilə deyil, onların gündəlik həyat şəraitləri ilə yaxından maraqlanır, yaranmış problemlərin həllində onlara yaxından kömək edirdi. O, hər dəfə Moskvaya gələndə, Moskva Universitetinə gələr, orada təhsil alan azərbaycanlı tələbə və aspirantların işləri ilə maraqlanıb, onlara lazımi köməklik göstərərdi. Univesitetin rektoru akademik İvan Georgiyeviç Petrovski tərəfindən yüksək səviyyədə qarşılanırdı, bu onun elm aləmində yüksək nüfuzunun təzahürü idi. Onun Moskva Dövlət Universitetinə hər gəlişi tələbə və aspirantlar üçün bayrama çevrilirdi.  Akademik Əşrəf Hüseynovun Azərbaycanda Riyaziyyatçı elmi kadrların hazırlanmasında əməyi xüsusi qeyd olunmalıdır. O, hələ universitetin fizika-riyaziyyat fakültəsinin dekanı olarkən istedadlı gənclərin SSRİ-nin paytaxtı Moskva şəhərində aspiranturada təhsil almaları üçün əlindən gələni əsirgəmir, onları özü ilə Moskvaya aparır, yataqxanada yerləşdirir, gələcək rəhbərləri ilə görüşdürür və öz tövsiyələrini əsirgəmirdi. Təsadüfi deyil ki, o zaman Moskvada aspiranturada oxuyan azərbaycanlılar ona “ATA” deyə müraciət edirdilər. Bu bir həqiqətdir ki, sonralar Azərbaycan elmində öz sözlərini demiş Abdulla Muxtarov, Bürhan Kərimov, Məcid Hüseynzadə, Hacıbəy Sultanov, Qoşqar Əhmədov, Teymur Eminzadə, Yühənnəs Seyidov, Qurban Cəlilov, Cəlal Allahverdiyev, Hacı Rəhimov, Kamal Şirinov, Vahab Ələkbərov, Qafar Əfəndiyev, Hacı Qulubəyov, Əlicavad Vahabov, Cahangir Qəhrəmanov və başqaları məhz Əşrəf Hüseynovun təşəbbüsü ilə Moskvada aspiranturada oxumuş, elmin zirvələrinə yüksələ bilmişdilər.

Akademik Əşrəf Hüseynov Azərbaycan müəllimlərinin və şagirdlərinin yaxın dostu idi, o, tez-tez məktəblərdə olur, valideynlər, müəllimlər və şagirdlərlə görüşür, istedadlı gənclərin vaxtında aşkar olunması, onlara vaxtında xüsusi diqqət yetirilməsi məsələsini vacib hesab edirdi. O dövrdə riyaziyyat üzrə şagirdlər arasında keçirilən olimpiadalar Əşrəf Hüseynovun daim diqqət mərkəzində idi.

Bütün mənalı həyatını ölkəmizdə elmin və təhsilin inkişafına həsr etmiş bu böyük insan 1980-ci il avqustun 26-da 73 yaşında vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.Əşrəf müəllimin dünyasını dəyişməsindən 40 ilə yaxın vaxt keçsə də, onun adı ölkəmizin hər yerində böyük hörmət və ehtiramla yad edilir.

Düşünürəm ki, Azərbaycanda riyaziyyat elminin banisi olmuş bu böyük insanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq və onun mənalı həyatı gələcək nəsillərə nümunə olacaq. 

Misir Mərdanov, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

525-ci qəzet