www.science.az
16.11.2017 09:39

Sumqayıt Dövlət Universitetinin yaradılmasının 55 illiyinə həsr olunan konfrans keçirilib

Sumqayıt Dövlət Universitetinin (SDU) yaradılmasının 55 illik yubileyinə həsr olunan “Funksional monomerlər və xüsusi xassəli polimer materiallar: problemlər, perspektivlər və praktiki baxışlar” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbir AMEA-nın Polimer Materialları İnstitutu (PMİ) və SDU-nun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı SDU-nun rektoru, professor Elxan Hüseynov açaraq rəhbərlik etdiyi qurumda görülən işlərdən, həmçinin PMİ ilə mövcud əlaqələrdən danışıb. O, tədbirin keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA-nın rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxış edərək universitet ilə sıx əlaqələrin elm və təhsilin inteqrasiyasının bariz nümunəsi olduğunu deyib. Bildirib ki, polimer kimyasına həsr olunmuş bu cür konfransların keçirilməsi gələcəkdə aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində önəmli rol oynayacaq.

Konfransda daha sonra PMİ-nin əməkdaşı, k.ü.e.d. Kazım Quliyev, SDU-nun dosenti Mahal Muradov və Rusiyanın Ufa Neft Texnologiya Universitetinin professoru Tatyana Prosoçkina məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, beynəlxalq tədbir öz işini bu gün başa vuracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.