www.science.az
15.11.2017 17:28

Akademik R.Əliquliyev: "Ümumdünya Elm Forumunda elm və təhsil siyasəti geniş müzakirə olunub"

Məlumdur ki, 7-10 noyabr tarixlərində İordaniyada “Sülh naminə elm” şüarı altında Ümumdünya Elm Forumu keçirilib. Forumda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevİdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru Nizami Zeynalov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru İmamverdi Həmidov iştirak ediblər.

Bu gün AMEA Rəyasət Heyətinin iclasında akademik Rasim Əliquliyev Yaxın Şərqin ən böyük elm toplantısı hesab edilən Ümumdünya Elm Forumu haqqında fikirlərini bölüşüb. Alim tədbirin əhəmiyyətini önə çəkərək, onun həm elmi, həm də texniki cəhətdən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Bildirib ki, müxtəlif ölkələrdən 3000-ə yaxın alim və mütəxəssisin toplaşdığı Forumda dünya elminin prioritetləri və çağırışları, texnologiyanın inkişafındakı yeni amillərə dair müzakirələr aparılıb. Akademik AMEA-da aparılan tədqiqatların Ümumdünya Elm Forumunun çağırışlarına cavab verdiyini qeyd edib.

R.Əliquliyev Forumun gündəliyində elm və təhsil siyasəti, ərzaq təhlükəsizliyi, IV sənaye inqilabı və digər qlobal elmi problemlərə dair bölmələrin yer aldığını deyib. Qeyd edib ki, dünya alimləri tədbirdə  rəqəmsal dəyişikliklər, Big data, Əşyaların İnterneti, rəqəmsal iqtisadiyyat və digər mövzularda geniş fikir mübadiləsi aparıblar.

Hazırda dünya əhalisinin 30 faizinin İnternetə çıxışı olduğunu diqqətə çatdıran alim hesablamalara görə, yaxın gələcəkdə bu rəqəmin 90 faizə çatacağını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.