www.science.az
10.11.2017 14:35

Azərbaycanın İrandakı səfiri Mərkəzi Elmi Kitabxanaya müxtəlif kitablar hədiyyə edib

Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) bir sıra kitablar hədiyyə olunub.

Kitablar sırasına Q.Vilsonun Prezident İlham Əliyevin fəaliyyətinə həsr etdiyi “İlham - Bir dövlət başçısının siması”, akademik Ramiz Mehdiyevin “Azərbaycan. Qloballaşma dövrünün tələbləri” və Elxan Süleymanovun Xocalı hadisələrinə həsr olunmuş “Milyon imza, bir tələb” əsərləri daxildir.

Bundan əlavə, MEK-ə qədim, orta əsrlər və müasir dövr İranın tarixi, arxitekturası, ədəbiyyatı və incəsənətini əks etdirən məşhur fars rəssamı Mahmud Farsçiyanın miniatür rəsmlərindən ibarət albomu, Firdovsinin “Şahnamə” əsəri, Müctəba Azadinin Urmiya soyqırımına həsr olunmuş “Azərbaycan müsəlmanlarının soyqırım tarixi”, Qasım Əşrəfinin “Birinci Dünya müharibəsində Urmiya hadisələri” və digər kitablar da hədiyyə olunub.

Təqdim olunan nəşrlərin kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi nəzərdə tutulur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.