www.science.az
08.11.2017 09:25

Şəkinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi xalq sənətkarlığının inkişafına böyük töhfədir

Azərbaycanın sənətkarlıq paytaxtı Şəki şəhəri YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib.

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) keçirilən ümumi iclasda təşkilatın bu qərarı geniş müzakirə edilib, görüləcək işlər və qarşıda duran vəzifələrdən bəhs olunub.

Tədbirdə çıxış edən ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü Şəkinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsini şəhərin həyatında mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, qərarın qəbul edilməsi Şəkinin beynəlxalq səviyyədə tanıdılması üçün atılan növbəti uğurlu addımlardan biridir.

Diqqətə çatdırılıb ki, YUNESKO-nun baş direktoru İrina Bokovanın qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Şəbəkənin yaradılmasında məqsəd xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, həmçinin şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması və davamlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Bu baxımdan, YUNESKO-nun bu qərarını Şəkinin xalq sənətkarlığının inkişafında yeni mərhələnin başlanğıcı saymaq olar.

Y.Şükürlü ölkəmizdə mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində aparılan məqsədyönlü işlərdən, Şəki sənətkarlığının inkişafindan və bu istiqamətdə ŞREM-in üzərinə düşən vəzifələrdən danışıb.

Daha sonra çıxış edən ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov bildirib ki, qədim dövlətçilik ənənələrinə, zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri tarixən sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olub. El sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirən şəkili sənətkarların fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranıb. O, Şəki ipəyinin bütün dünyada məşhur olduğunu, zərgərlik, dulusçuluq, təkəlduz, şəbəkə və digər yerli sənətkarlıq sahələrinin daim turistlərin diqqətini cəlb etdiyini vurğulayıb, yerli ustaların hazırladıqları nümunələrin xüsusi kolleksiya və muzeylərin bəzəyinə çevrildiyini nəzərə çatdırıb.

Yığıncaqda Şəkinin tarixi və mədəni irsini daha geniş miqyasda təbliğ və təşviq etmək məqsədilə ŞREM-in nəzdində əvvəllər yaradılmış Folklor muzeyində mövcud olan eksponatların zənginləşdirilməsi, muzeyin daha geniş tərkibdə ayrıca bir guşədə yaradılması və obyektin turizm marşrutuna daxil edilməsi qərara alınıb. Bu məqsədlə AR Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunacağı vurğulanıb.

Həmçinin ŞREM-in Folklor və el sənətləri şöbəsinin əməkdaşlarına muzeyin Şəki regionu üçün xarakterik olan bütün el sənətkarlığına aid eksponatlarla təmin edilməsi üçün elmi-təşkilati fəaliyyətlərini artırmaları tövsiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.