www.science.az
08.11.2017 13:37

AMEA-nın Elm Tarixi İnstitutunda Dövlət Bayrağı Günü qeyd olundu

Noyabrın 8-də AMEA-nın Elm Tarixi İnstitutunda “Azərbaycan tarixində dövlət rəmzləri” mövzusunda "dəyirmi masa" keçirildi.

9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan tədbir Dövlət himninin səslənməsi ilə başladı.

İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli əlamətdar gün münasibətilə əməkdaşları təbrik etdi, üçrəngli bayrağımızın yaranmasının tarixindən danışdı. Alim bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bu bayraq 1918-ci il noyabrın 9-da AXC hökumətinin iclasında qəbul edilib və günümüzə gəlib çatanadək çox keşməkeşli yollar qət edib.

M.Seyidbəyli qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin iradəsi ilə ilk dəfə 1990-cı il noyabrın 19-da Naxçıvan Ali Sovetinin iclas zalına üçrəngli bayrağımız təntənə ilə gətirilib və dövlət bayrağı kimi təqdim olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu söyləyən alim bu bayramın təsis edilməsinin ölkə başçısının dövlət atributlarına verdiyi dəyərin bariz nümunəsi olduğunu vurğuladı. “Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd edilməsi müstəqilliyimizin gələcəkdə daha da möhkəmlənməsinə və qüdrətlənməsinə xidmət edəcəkdir. Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün qürur və şərəf günüdür”, – deyə institut direktoru əlavə etdi.  

Sonra "Üç rəngli bayrağın tarixi” mövzusunda məruzə ilə çıxış edən institutun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev dövlət bayrağının rəmzi mənalarından, onun milli-mənəvi dəyərlərimizdəki yerindən söz açdı, Azərbaycan ərazisində qədim dövrlərdən mövcud olan dövlət və xanlıqların bayraqları barədə məlumat verdi. Qeyd etdi ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Z.Əliyev BMT-də, müxtəlif beynəlxalq tədbirlərdə qürurla dalğalanan Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi potensialını, hərbi gücünü təmsil etdiyini vurğuladı, üçrəngli bayrağımızın tezliklə işğal altındakı torpaqlarımızda dalğalanmasını arzuladı.

Daha sonra institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aqil Əhmədov “Azərbaycan bayrağı: tarix və müasirlik” mövzusunda məruzəsini təqdim etdi. Tarixi günün yaranmasının siyasi aspektləri haqqında məlumat verən məruzəçi bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq və demokratik quruluşa təminat verən müddəaları ilə konstitusiyamız Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyur.

Çıxışının sonunda A.Əhmədov Xalq şairi Bəxtiyar Vahabzadənin "Bayraq" şeirini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.