www.science.az
06.11.2017 15:54

"Bir dünya, min millət" mövzusunda tədbir keçirilib

AMEA-nın Folkor İnstitutu və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Bir dünya, min millət" mövzusunda elmi seminar keçirilib.

Göyçay şəhərində baş tutan seminarın məqsədi narın Azərbaycan folklorundakı mifoloji semantikasının öyrənilməsi və etnoqra­fiyamızda yeri kimi məsələləri müzakirə etmək olub.

Tədbirdə "Azərbaycan folklorunda narın mifoloji semantikası" mövzusunda məruzə ilə çıxış edən Folkor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, Azərbaycan folkorunun bir çox janrlarında - nağıl, dastan, bayatı, aşıq sənəti və el nəğmələrində narın təsvirinə geniş yer verilir, ayrı-ayrı süjetlər, motivlər, obrazlar əksini tapır. Akademik Qurani-Kərimdə də narın adının çəkildiyini, sözügedən meyvənin mifoloji rəmz kimi məhəbbət, güc və məhsuldarlığı ifadə etdiyini diqqətə çatdırıb.

Seminarda Folkor İnstitutunun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov "Azərbaycan nağıllarında narın simvolikası", müəssisənin aparıcı elmi işçisi, fil.ü.f.d. Atəş Əhmədli "Bayatılarda nar və onun semantik çalarları", Göyçay Rayon Təhsil Şöbəsinin metodisti Əkbər Əliyev "Klassik poeziyada nara müraciət", Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva "Nar təbabətdə", Göyçay Şəhər Mərkəzi Məscidi dini icmasının sədri Müşfiq Əskərov "Qurani-Kərimdə nar", Göyçay Rayon Bitkiçilik Sektorunun baş məsləhətçisi Famil Nəbiyev "Narçılığın iqtisadi əhəmiyyəti"  mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda İctimai Televiziyanın “Carçı film” Yaradıcılıq Birliyinin ərsəyə gətirdiyi "Nar - bir dünya" sənədli filmi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.