Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2017 15:07
  • A-
  • A
  • A+

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm" guşəsi yaradılıb

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm" guşəsi yaradılıb

Noyabrın 6-da Heydər Əliyev adına Müasir Təhsil Kompleksində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə yaradılmış “Elm” guşəsinin açılışı olub.

Əvvəlcə tədbir iştirakçıları rəmzi açılışı bildirən qırmızı lenti kəsib, bölməyə daxil olan institutlar haqqında əyani vəsaitlərin yer aldığı guşə ilə yaxından tanış olublar.

Akt zalında davam edən tədbirdə BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək AMEA-da elmlə təhsilin vəhdəti istiqamətində müəyyən işlərin görüldüyünü və sözügedən guşənin yaradılmasının aparılan islahatların məntiqi davamı olduğunu bildirib. Ə.Əmiraslanov "Elm" guşəsində bölməyə daxil olan institutların yaranma tarixi, elmi istiqamətləri, əldə etdikləri nailiyyətlər və maddi-texniki bazaları haqqında geniş məlumatların əks olunduğunu bildirib.

Alim qeyd edib ki, orta məktəblərdə “Elm” guşəsinin təşkilinin əsas məqsədi təhsil müəssisələri ilə bölmələrin institutları arasında əlaqələrin yaradılması, hələ məktəb yaşlarında şagirdlərdə elmə, müxtəlif sahələrə maraq və həvəsin artırılması, istedadlı və perspektivli gənclərin buraya cəlb edilmələri və elmin populyarlaşdırılmasıdır. Vurğulanıb ki, bu cür layihələr gənc nəslin müxtəlif sahələr üzrə bilik və bacarıqlarının zənginləşməsinə, onların biologiya elminə həvəslərinin artırılmasına kömək edəcək.

Akademik Ə.Əmiraslanov çıxışında ətraf mühitin çirklənməsi, şirin su çatışmazlığı kimi qlobal problemlərə də toxunub. Qeyd edib ki, 2030-cu ildə dünya miqyasında insanların sayı 9 milyardı ötəcək və bu, ətraf mühitin çirklənməsi problemini daha da dərinləşdirəcək. Alim bu gün biologiya elminin qarşısında ətraf mühitin çirklənməsi, şirin su çatışmazlığı kimi qlobal problemlərin həlli istiqamətində prioritet vəzifələrin dayandığını vurğulayıb.

Sonra GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək bu layihənin digər təhsil müəssisələrində də həyata keçirildiyini söyləyib, “Elm” guşələrinin regionlarda təşkil olunacağını diqqətə çatıdırıb. O, şura tərəfindən gənc nəslin bilik və bacarıqlarını artırmaq məqsədilə "Bu günün şagirdi, sabahın alimi", "Əyləncəli-öyrədici təcrübələr" kimi müsabiqə, bilik yarışı və seminarların keçirildiyini bildirib. 

Tədbirdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Məmmədəli Kəsəmənli və BTEB-ə daxil olan institutların direktorları çıxış edərək şagirdlərin AMEA-nın elmi müəssisələrində biologiyaya dair aparılan tədqiqatlarla əyani tanış olmalarının önəmindən danışıblar.

Sonda AMEA-nın gənc alimlərinin və məktəb şagirdlərinin iştirakı ilə maraqlı təqdimatlar olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.           

  • Paylaş: