www.science.az
03.11.2017 15:12

AMEA Azad Həmkarlar İttifaqının növbəti iclası keçirildi

Noyabrın 3-də AMEA-nın elmi müəssisə və təşkilatlarının həmkarlar komitələrinin sədrlərinin iştirakı ilə bu qurumun Azad Həmkarlar İttifaqının (AHİ) növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq AMEA-da yeni yaradılmış elmi müəssisələrdə Həmkarlar Təşkilatının təsis edilməsinin vacibliyini qeyd etdi, bu təşkilatlarda sədr və üzvlərin seçilməsi ilə bağlı tövsiyələrini səsləndirdi.  

Sonra H.Qurbanov AHİ-nin 17 noyabr 2017-ci ildə keçiriləcək VII qurultayına hazırlıqla bağlı məlumat verdi. O, tədbirlə əlaqədar fəaliyyət planının hazırlandığını qeyd edərək, bu prosesdə fəal iştirak etdiklərinə görə AMEA-nın Fizika və İnformasiya Texnologiyaları institutlarının Həmkarlar Komitələrinin sədrlərinə təşəkkür etdi.  

İclasda AMEA-nın əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələsinə də toxunuldu. Qeyd olundu ki, AHİ-nin əsas məqsədi akademiya əməkdaşlarının sosial-məişət və digər problemlərinin həllinə yardım etməkdir. Yaxın gələcəkdə əməkdaşlar üçün yeni mənzillərin tikilməsi, tibb mərkəzlərinin açılması və onların digər məişət problemlərinin həlli istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

AMEA-nın İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev çıxış edərək bildirdi ki, artıq Akademiya Şəhərciyinin tikintisi üçün müvafiq qərarlar qəbul edilib və bir sıra tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, Saray qəsəbəsində akademiyaya məxsus torpaq sahəsində mənzillərin inşası məqsədilə layihələndirilmə işləri aparılır və yaxın vaxtlarda bu mənzillər AMEA əməkdaşlarına sərfəli kredit şərtləri ilə təklif ediləcək.

Tədbirdə, həmçinin AHİ-nin Nizamnaməsinə edilən əlavə və dəyişikliklərlə bağlı məlumat verildi, müvafiq qərarlar qəbul olundu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.