www.science.az
03.11.2017 09:50

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Belarusda keçirilən beynəlxalq konfransda iştirak edir

Minsk şəhərində Belarus Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən "Gənclik elmdə - 2017" mövzusunda XIV beynəlxalq konfrans öz işinə başlayıb.

Almaniya, Polşa, Latviya, Rusiya və digər ölkələrdən gənc alimlərin iştirak etdiyi tədbirdə Azərbaycanı AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov təmsil edir.

Konfransın açılış günündə baş tutan plenar iclasda F.Salmanov məruzə ilə çıxış edib. Tədbirin dünya elminə inteqrasiya baxımından qlobal əhəmiyyət daşıdığını söyləyən F.Salmanov bildirib ki, beynəlxalq konfrans, həmçinin bilik və təcrübələrin paylaşılması, yeni innovativ elmi ideyaların mənimsənilməsi və tətbiqi məsələlərinin həlli üçün vacib platformadır. Azərbaycanlı alim daha sonra AMEA-da aparılan islahatlardan, innovativ elmi tədqiqatların genişləndirilməsi və inkişafı ilə əlaqədar akademiyanın nəzindində yaradılan Yüksək Texnologiyalar Parkından, peşəkar kadrların hazırlanması məqsədilə AMEA-da magistratura təhsilinin fəaliyyətə başlamasından, ölkəmizin gənclər siyasətindən danışıb.

Konfransın növbəti günü F.Salmanov iştirakçı ölkələrin gənclər təşkilatlarının nümayəndələrindən ibarət heyətlə birgə “dəyirmi masa”da  iştirak edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.