www.science.az
02.11.2017 12:52

Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib

Noyabrın 2-də AMEA-nın Əsas binasında “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın Tarix İnstitutu, Azərbaycan Tarix Qurumu və “Azərbaycan tarixçiləri” ictimai birliklərinin təşkilatçılığı ilə baş tutan tədbirdə Albaniya, Türkiyə, Rusiya, Özbəkistan, Polşa, Finlandiya və digər ölkələrdən alimlər iştirak ediblər.

Konfransda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb. Bildirib ki, xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tarixdə silinməz iz qoyub. 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Alim Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncamın önəmini qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik tarixinin şanlı səhifələrindən olduğunu söyləyən alim vurğulayıb ki, dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Bildirib ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. O, Türkiyədə cümhuriyyətin Azərbaycandan beş il sonra, yəni 1923-cü ildə yaradıldığını bildirib.

Alim müstəqilliyimizin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq Tarix İnstitutu 2004-2005-ci illərdə ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya AXC tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.

Sonra çıxış edən Azərbaycan Tarix Qurumu İctimai Birliyinin sədri, Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında məlumat verib. Bildirib ki, Xalq Cümhuriyyəti ölkəmizin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Bu respublika mövcud olduğu müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirib.

Tədbirdə millət vəkili Fəzail İbrahimli, Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru İradə Bağırova və digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında tarixi xidmətləri olan şəxsiyyətlərin fəaliyyətlərindən söz açıblar. Bildirilib ki, Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Konfrans “1917-ci il Fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Rusiya Müsəlmanlarının I Qurultayı”, “Oktyabr çevrilişi və Azərbaycan” və “Azərbaycan xalqının və Rusiya imperiyasının digər xalqlarının azadlıq hərəkatı” adlı dörd bölmədə fəaliyyət göstərib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.