www.science.az
02.11.2017 09:50

AMEA-da akademik Roald Saqdeyevlə görüş keçirilib

AMEA-nın  Fizika İnstitutunda Rusiya Elmlər Akademiyasının akademiki Roald Saqdeyevlə görüş keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezident İbrahim Quliyev və ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak ediblər.

Görüşdə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov çıxış edərək R.Saqdeyevin bütün dünyada tanınan alim olduğunu, fizika elminə, xüsusilə kosmik fizika sahəsinə böyük töhfələr verdiyini söyləyib.

Sonra akademik Akif Əlizadə çıxış edərək akademikin yubileyi ərəfəsində bu görüşün baş tutmasının sevindirici hal olduğunu bildirib və R.Saqdeyevin elmi fəaliyyətindən bəhs edib. Alimin elmi fəaliyyətinin prioritet istiqamətlərinin plazma fizikası, nüvə fizikası və kosmik hadisələr fizikası olduğunu deyən A.Əlizadə müasir dövrdə də R.Saqdeyevin kəşflərinin tətbiq edildiyini və gənc nəsil tərəfindən öyrənildiyini vurğulayıb.

Daha sonra akademik R.Saqdeyevin məruzəsi dinlənilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.