www.science.az
01.11.2017 17:54

AMEA-nın tərəfdaşlığı ilə biznes-forum keçiriləcək

1-2 mart 2018-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Amerika-Azərbaycan Ticarət Palatası birgə təşkilatçılığı ilə biznes forum keçiriləcək.

Rəyasət Heyətinin iclasında bununla bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, forum Akademiyanın elmi müəssisələrində biznes fəaliyyətinin genişləndirilməsi və bilik əsaslı iqtisadiyyatın inkişaf etdirilməsi məqsədi daşıyır. Qeyd edib ki, forum intellektual kapitalın və innovasiya sahibkarlığının inkişafını, elmi-tədqiqat işlərinin sənaye və real biznesin, o cümlədən aqrar sektorun tələblərinə uyğun formalaşdırılmasını, innovativ iqtisadi ekosistemin, intellektual potensialın və bilik əsaslı iqtisadiyyatın inkişaf dinamikasına dəstək verilməsi kimi məsələləri nəzərdə tutur.

Rəyasət Heyəti məsələ ilə bağlı müzakirədən sonra “Elmin kommersiyalaşdırılması və bilik əsaslı iqtisadiyyatın inkişafında özəl sektorun rolu" mövzusunda biznes forumun keçirilməsi, həmçinin forumla əlaqədar Akademiyada təşkilat komitəsi, AMEA “YT Park”da isə işçi qrupun yaradılması haqqında qərar verib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.