www.science.az
01.11.2017 17:11

"Türk incəsənətinin dövrləşdirilməsi problemi" mövzusunda elmi məruzə dinlənilib

Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin "Türk incəsənətinin dövrləşdirilməsi problemi" mövzusunda elmi məruzəsi dinlənilib.

Ə.Salamzadə bildirib ki, dövrləşmə türk dünyası sənət tarixinin yaradılması yolunda əsas problemlərdən biridir və öyrənilən mədəniyyət haqqında obyektiv məlumat almağa imkan verən xronoloji sistemdir.

İnstitut direktoru vurğulayıb ki, postsovet türk ölkələri içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib, bu sahədə tədqiqat işləri hələ 1940-1950-ci illərdən başlayıb: "Azərbaycan memarlıq tarixi" (1963) kitabının nəşri ilə tarixi sənətşünaslıq milli məktəbinin əsası qoyuldu. Nəşrdə təqdim olunan dövrləşmə sistemi IV-VII, VII-X, XI-XIII, XIII-XIV, XV, XVI-XVII əsrlərin əvvəlləri və ayrıca XVIII əsr xronoloji dövrlərdən ibarətdir. Bu xronoloji sistem sonralar təsviri və dekorativ-tətbiqi sənətlərin tarixi materialının inkişaf etdirilməsi üçün özünəməxsus bir əsas kimi çıxış edib, sonrakı illərdə prinsipial dəyişikliklərə məruz qalıb".

Natiq Özbəkistan incəsənət tarixinin dövrləşmə sisteminin təxminən Azərbaycanla eyni dövrdə formalaşmağa başladığını, türkmən sənət tarixinin isə tədqiq edilməsinin ilk ümumiləşdirilmiş nəticələrinin "Dünya ölkələri və xalqları sənəti. Müxtəsər bədii ensiklopediya" (1978) nəşrinin 4-cü cildində öz əksini tapdığını diqqətə çatdırıb. Ə.Salamzadə qeyd edib ki, türk ölkələri sənət tarixinin dövrləşdirilməsinin müqayisəli təhlili təkcə inkişafın müəyyən dövrlərinin xronoloji uyğunluğunu üzə çıxarmır. Təhlil nəticəsində eyni xronologiya hüdudlarında olan bəzi məzmunlu aspektlərin ümumiliyi, bəzənsə hətta eyniyyəti üzə çıxır, yəni indi qəbul olunduğu kimi deyilərsə, kontentin, dövrləşmənin mədəni mənasının uyğunluğu aşkar edilir. Alim burada söhbətin ilk olaraq Azərbaycan, Türkmənistan və Özbəkistanın orta əsrlər dövrü sənətində bədii və formayaradıcı proseslərindən getdiyini əlavə edib.

Ə.Salamzadə türk sənəti tarixində qədim dövr, XI-XII əsrlər, XV əsrin sonu – XVI əsr, XIX əsrin ikinci yarısı – XX əsrin əvvəli və müstəqillik dövrü kimi kontentin uyğunluğu dövrləri haqqında geniş məlumat verib.

Dövrləşmənin metodologiyasından danışan məruzəçi bildirib ki, müasir sənətşünaslıqda bu problemə daha çox iki yanaşma tərzi tələb olunur: xronoloji və sülalə yanaşması (dinastik yanaşma). Bunlardan başqa, üslubi, bioqrafik və semiotik yanaşma tərzlərinə də təsadüf edilir.

Natiq vurğulayıb ki, türkdilli ölkələrin sənətşünasları ayrı-ayrılıqda sovet dövrünün elmi paradiqması çərçivəsində öz sənət tarixlərini tədqiq edərək onu başqa türk xalqlarının incəsənətindən fərqləndirən xüsusiyyətlərinin aşkara çıxarılmasına çalışıblar.

Məruzə dinlənildikdən və suallar cavablandırıldıqdan sonra Rəyasət Heyəti qərar qəbul edib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna məkan və zaman sənət növlərinin vahid dövrləşməsi əsasında Azərbaycanın ümumi incəsənət tarixinin yaradılması, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və türk muxtariyyətlərinin incəsənətinin ümumi süjet, motiv və formalarının öyrənilməsi üzərində işin həyata keçirilməsi, postsovet türk ölkələri və türkiyəli təqdiqatçılarla birgə dövrləşdirmə sahəsində türkoloji paradiqmaların yaxınlaşdırılması problemi üzərində işin aparılması tapşırılıb. Birinci mərhələdə təsviri, dekorativ-tətbiqi sənətlər və memarlığı əhatə edən, ikinci mərhələdə isə zaman sənət növlərini də əhatə edən türk dünyası ümumi incəsənət tarixinin yaradılmasına başlanılması, həmçinin dövrləşdirmə problemi üzərində işin, eyni problemlə məşğul olan filoloqlar, tarixçilər, filosoflar və digər sahələrin mütəxəssisləri ilə koordinasiya olunmuş şəkildə aparılması qərarda əksini tapıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.