www.science.az
01.11.2017 14:34

"Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Əsas binasında Humanitarİctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə 2017-ci ilin MDB məkanında "Ailə ili" elan olunması ilə əlaqədar "Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, müvafiq elmi müəssisələrin direktorları, əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Sessiyanı giriş sözü ilə açan akademik İsa Həbibbəyli Azərbaycanda multikultural həyat tərzinin böyük tarixi və ənənələri olduğunu bildirib. Ən qədim zamanlardan ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşadığını deyən akademik dərin dostluq və qarşılıqlı əməkdaşlıq mühitinin Azərbaycan ədəbiyyatının bütün dövrlərə aid örnəklərində özünün parlaq bədii əksini tapdığını vurğulayıb. Natiq əsrlər boyu bir sıra yazıçı, şair və mütəfəkkirlərin əsərlərində multikulturalizm ənənələrinə rast gəlindiyini qeyd edib.

Akademik ölkəmizdəki möhkəm multikultural əsaslara malik tolerant mühitin müasir inkişafın əsas göstəricilərindən olduğunu söyləyib: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini, həmrəyliyini əks etdirir. Ulu öndərin "Hamımızın bir vətəni var. Bu, Azərbaycandır" təlimi ölkəmizdə birlik və həmrəyliyin, millətlərarası münasibətlərin əsasında dayanır. Ölkədə yaşayan bütün xalqları onların eyni dərəcədə inandığı və hörmət etdiyi vahid ideologiya – azərbaycançılıq ətrafında birləşdirmək müstəqil dövlətimizin mühüm nailiyyətidir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 2016-cı ili "Multikulturalizm ili" elan etməsi və il ərzində bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasi-ideoloji və ədəbi-mədəni tədbirlər Azərbaycan Respublikasında multikultural dəyərlərin daha da inkişaf etdirilməsinə və tolerantlıq mühitinin möhkəmləndirilməsinə xidmət edir".

İsa Həbibbəyli AMEA-da "Multikulturalizm ili" ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirildiyini qeyd edib. Akademiyanın bir sıra institutlarında genişmiqyaslı elmi konfranslar təşkil olunduğunu, Fəlsəfə İnstitutunda Multikulturalizm elmi-tədqiqat şöbəsinin yaradıldığını, əməkdaşların multikulturalizm və tolerantlıq məsələlərinə həsr edilmiş elmi əsər və məqalələrinin ictimaiyyətə təqdim edildiyini diqqətə çatdırıb.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin "Azərbaycan təsviri sənətində multikulturalizm", Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin "Multikulturalizm fəlsəfəsi" və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənovun "Azərbaycan multikulturalizminin siyasi və hüquqi əsasları" mövzusunda məruzəsi dinlənilib.  

Sessiyada, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə ictimai elmlər doktoru Samir Səttarov, institutun dissertantı Günay Nadirova və digərləri çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.