Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın materialları toplanır
01.11.2017 10:16
  • A-
  • A
  • A+

“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın materialları toplanır

“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” üzərində çalışan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları Beyləqan rayonunda xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə olublar.

Xocavənd Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” barədə məlumat verib. Bildirib ki, sözügedən atlas dövlət başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndinin həyata keçirilməsi məqsədilə hazırlanır.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın dilçilik baxımından önəmli olmaqla yanaşı, tarixi və siyasi cəhətdən də böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Qarabağa dair tarixi həqiqətlərin öyrənilməsi, üzə çıxarılması, təhlil edilməsi hazırki situasiyada ciddi aktuallıq daşıyır" - deyən E.Hüseynov “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın mənfur qonşularımıza bir cavab olacağını vurğulayıb. O, Qarabağın azərbaycanlı əhalisinin qədim və zəngin dil xüsusiyyətlərini bu günə kimi qoruyub saxladığını diqqətə çatdırıb.

Dilçilik İnstitutunun əməkdaşları səfər zamanı Xocavənd rayonunun maddi-mədəniyyət abidələri, əhalinin dialekti, etnoqrafiyası, məişəti, kulinariyası, məşğuliyyəti və sair ilə bağlı zəngin məlumatlar əldə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: