www.science.az
31.10.2017 14:57

“Əl-Fəcr” qəzetinin baş redaktoru Şərqşünaslıq İnstitutu barədə bir sıra yazılar hazırlayacaq

Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan gündəlik müstəqil siyasi qəzet “Əl-Fəcr”in baş redaktoru Şərif əl-Bassel AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Bu elm müəssisəsi haqqında bir sıra yazılar hazırlamaq üçün məlumat və material əldə etmək istəyən Şərif əl-Bassel institutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. 

Görüşdə G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi və mədəni əlaqələrindən danışıb, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr edilən kitablardan söz açan akademik G.Baxşəliyeva ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu diqqətə çatdırıb. İnstitut rəhbəri elmi müəssisədə çalışan 160-a yaxın alimin üçdəbir hissəsinin ərəbşünas olduğunu bildirib.

Baş redaktorun suallarını cavablandıran G.Baxşəliyeva institutda təşkil edilən tədbirlər, nəşr olunan kitablar, bu yaxınlarda keçirilən “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans barədə ətraflı məlumat verib.

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın elmi fəaliyyəti ilə yaxından maraqlanan Şərif əl-Bassel bununla bağlı lazımi məlumat və fotomaterialla təmin olunub. “Əl-Fəcr”in baş redaktoruna, həmçinin Dağlıq Qarabağ hadisələri ilə bağlı ərəb dilində lazımi materiallar da təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.