www.science.az
31.10.2017 15:31

Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına yeni kitablar daxil edilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna üç yeni kitab - 1907-ci ildə Azərbaycan dilində ərəb əlifbası ilə çap olunan “Kərbəla yanğısı” əsəri, 1922-ci ildə Camo Cəbrayılbəylinin yazdığı “Elmi heyvanat” dərsliyi və 1908-ci ildə Məhəmmədhəsən Movlazadə Şəkəvinin Tiflisdə nəşr olunan “Qurani təfsir” kitabının 2-ci cildi verilib.

Bu münasibətlə təşkil olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə yaradılan AMEA-nın Naxçıvan Bölməsi və onun tərkib hissəsi olan Əlyazmalar Fondu barədə məlumat verib.  Bildirib ki, 2005-ci ildən fəaliyyət göstərən Əlyazmalar Fondu xalqımızın tarixi keçmişini, mədəni həyatını, mənəviyyatını özündə əks etdirən əlyazmaların toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunması, tədqiqi və nəşrini həyata keçirir.

Naxçıvanda əlyazmaların tədqiqi istiqamətində görülən işlərdən danışan alim qeyd edib ki, fondda mühafizə olunan əlyazmaların bir qismi Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri tərəfindən hədiyyə edilib. İ.Hacıyev Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də son illərdə fonda 20-ə yaxın kitabın hədiyyə edildiyini diqqətə çatdırıb.

Sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova çıxış edərək tariximizin öyrənilməsi və təbliğinin önəmindən, bu sahədə muzeylərin rolundan bəhs edib. Maddi-mədəniyyət nümunələrinin tədqiqinə dövlətimiz tərəfindən daim böyük diqqət göstərildiyini vurğulayan N.Qədimova muzey fondlarının son illərdə xeyli zənginləşdirildiyini, vətəndaşlar tərəfindən mədəniyyət ocaqlarına hədiyyə olunan eksponatların böyük tarixi əhəmiyyət daşıdığını vurğulayıb: “Xalqın milli-mənəvi sərvəti kimi tarixin həqiqi yaddaş reallığını özündə əks etdirən əlyazmaların qorunub saxlanılması, tədqiqi və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur”.

Tədbirdə bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəbərlik etiyi müəssisədə qədim kitabların və əlyazmaların öyrənilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, fondda nadir sənət nümunələrinin kataloqlaşdırılması həyata keçirilir, o cümlədən əlyazmaların ilkin tədqiqi aparılır. Buradakı nəşrlər arasında Azərbaycan, türk, rus, fars və ərəb dillərində ədəbiyyat, tarix, riyaziyyat, astronomiya, məntiq, fəlsəfə, tibb sahələrinə aid kitab və əlyazmalar vardır.

Naxçıvan tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələri, qədim kitab və məktubların olduğunu söyləyən fondun direktoru bu nümunələrin sistemli tədqiqata cəlb edildiyini bildirib.

Sonda iştirakçılar Əlyazmalar Fondunda mühafizə olunan əlyazmalarla yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.