www.science.az
31.10.2017 11:15

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi Bolqarıstanda qeyd edilib

AMEA-nın, ölkəmizin Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiyada görkəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Tədbir “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 oktyabr tarixli Sərəncamına əsasən təşkil olunub.

Əvvəlcə Sofiya şəhər meri Yordanka Fandıkova, Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stefan Dençev, Q.S.Rakovski adına Hərbi Akademiyanın rektoru Qrudi Anqelov, “Slavyanlar” fondunun sədri Zaxari Zaxariev və Elm, Təhsil və Mədəniyyət üzrə İctimai Akademiyanın sədri, akademik Asen Boqdanovun tədbir iştirakçılarına ünvanlanmış məktubları oxunulub.

Konfransda çıxış edən ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycan ədəbiyyatının zəngin əsaslarından söz açıb, “Kitabi-Dədə Qorqud” dastanının folklor xəzinəmizin dəyərli incisi kimi dünya epos nümunələri arasında özünəməxsus yer tutduğunu bildirib. 

XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatının romantizm cərəyanının meydana gəlməsi ilə xarakterizə olunduğunu qeyd edən N.Qurbanova həmin dövrün ictimai-siyasi hadisələrinin, o cümlədən 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ədəbiyyata müstəsna təsirini vurğulayıb.O, yeni cərəyanın – romantik poetik dramaturgiyanın banisi kimi Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu bildirib, onun şair və filosof, lirik dramaturq, istedadlı alim və ədib kimi nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda şöhrətindən söz açıb. Diplomat ədibin dramaturgiyasının öz dövrünün universal sosial-siyasi və mədəni hadisələrini əhatə etdiyini və bir çox dillərə tərcümə edilərək geniş oxucu kütləsi qazandığını vurğulayıb.

Sonra çıxış edən Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov konfransın Azərbaycan və Bolqarıstan arasında mədəniyyət və elm sahəsində əlaqələrin inkişafına zəmin yaratdığını söyləyib. Hər iki ölkənin elmlər akademiyalarının bu istiqamətdə fəal iş apardığını deyən alim cari ilin aprel ayında BEA ilə AMEA arasında elm və texnologiya üzrə imzalanmış əməkdaşlıq haqqında sazişdən söhbət açıb. V.Nikolov həmin sənədin iki akademiya arasında müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi, elmi konfrans, seminar və simpoziumların təşkilini nəzərdə tutduğunu diqqətə çatdırıb. 

Vitse-prezident H.Cavidin Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən də söz açıb. “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və s. əsərləri ilə H.Cavid adının Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə daxil edildiyini vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Bolqarıstanda H.Cavid yaradıcılığına həsr olunan tədbirin böyük mədəni hadisə və Avropada Cavid irsinə həsr olunan ilk konfrans olduğunu söyləyib. Hər iki ölkənin akademiyaları arasında imzalanan elm və texnologiya üzrə əməkdaşlıq haqqında sazişi yüksək qiymətləndirən İ.Həbibbəyli elmi sahədə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.

Akademik İ.Həbibbəyli dramaturqun “Maral” və “Şeyda” dramlarının bolqar dilinə tərcümə edilməsinin əhəmiyyətini vurğulayaraq, nəşrlərin Bolqarıstanda Cavid irsinin öyrənilməsinə kömək edəcəyini söyləyib.

BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova H.Cavid yaradıcılığının müxtəlif cəhətlərinə toxunub, ədibin əsərlərini qısa təhlil edib.

Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur KərimliHüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Türkologiya və altayşünaslıq kafedrasının rəhbəri İrina Sarıvanova və başqaları çıxış edərək Hüseyn Cavidin mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoyduğunu bildiriblər.

Konfrans çərçivəsində, həmçinin dramaturqun Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tərəfindən bolqar dilinə tərcümə edilmiş “Maral” və “Şeyda” əsərlərinin təqdimatı keçirilib və tələbələrin ifasında Azərbaycan və bolqar dillərində sözügedən əsərlərdən hissələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.