www.science.az
31.10.2017 10:59

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qubanın Qrız kəndində tədqiqatlar aparıblar

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Etnososioloji tədqiqatlar şöbəsinin əməkdaşları Quba rayonunun dağlıq hissəsində yaşayan “Şahdağ qrupu” xalqlarını tədqiq etməkdə davam edir. Bu dəfə alimlərin tədqiqat obyekti Şahdağ dağının cənub-şərq yamacında yerləşən Qrız kəndi olub.

Sərt təbii-iqlim şəraiti, təsərrüfat üçün torpaqların çatışmazlığı qrızların müəyyən hissəsinin düzənlik ərazilərə köçməsini əsrlər boyu şərtləndirib. Belə köçmələrin nəticəsi olaraq Quba, Xaçmaz, İsmayıllı rayonlarının ərazisində qrızların məskən saldığı Qrız Dəhnə, Əhmədoba, Palçıqoba, Çinartala və digər kəndlərin əsası qoyulub. Zəngin və özünəməxsus etnik mədəniyyətinə baxmayaraq, qrızlar bu günə kimi xüsusi etnoqrafik tədqiqat obyekti olmayıblar. Onlara aid ayrı-ayrı tədqiqatlar əsasən, bu xalqın dili və maddi-mədəniyyətinin bəzi aspektlərinə həsr edilib.

İnstitutun Etnososioloji tədqiqatlar şöbəsinin müdiri, antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədlinin başçılıq etdiyi ekspedisiyanın əsas məqsədi qrızların hazırkı etnomədəni vəziyyəti, etnik identikliyi, həmçinin qrız dilinin  həmcins və polietnik mühitdə işlənmə dərəcəsinin öyrənilməsi olub.

Professor Ə.Məmmədli bildirib ki, Qrız kəndində etnoqrafik materialların yığılması zamanı əldə edilən məlumatlar onların öz qədim adət-ənənələrini bu günə kimi saxlamaları barədə ilkin nəticə çıxarmağa əsas verir. Tədqiqatlar zamanı müəyyən edilib ki, qrızlar İslamdan öncəki etiqadları, xüsusilə kəndin daxilində və ətrafında çoxsaylı pirləri, həmçinin alovla bağlı inancları hələ də qoruyub saxlayıblar. Bundan əlavə, qrızlarda xalçaçılıq sənətinin də yüksək səviyyədə inkişaf etdiyi müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.