www.science.az
31.10.2017 10:31

AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyevin 75 yaşı tamam olur

Noyabrın 1-də görkəmli tarixçi alim, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyevin 75 yaşı tamam olur.

Zəhmət Əbülfət oğlu Şahverdiyev 1 noyabr 1942-ci ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Qarmraşen (keçmiş Kotanlı) kəndində anadan olub. O, 1961-ci ildə Keşkənd rayonunun Qoruşuq kəndindəki tam orta məktəbi bitirib və həmin il hərbi xidmətə yollanıb.

1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olub və 1970-ci ildə bu ali məktəbi fərqlənmə diploma ilə bitirib. Elə həmin il Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi əsasında həmin institutun Naxçıvan filialına müəllim təyin olunub.

1975-ci ildə Azərbaycan SSR EA Tarix İnstitutunda aspiranturaya qəbul olub, 1984-cü ildə “XIX əsrin 70-90-cı illərində Azərbaycanda aqrar münasibətlər və kəndlilərin vəziyyəti” (Naxçıvan və Şərur-Dərələyəz qəzalarının materialları əsasında) mövzusunda namizədlik, 2011-ci ildə isə “XIX əsr və XX əsrin əvvəllərində Naxçıvanın siyasi vəziyyəti, regionun sosial iqtisadi və mədəni inkişafı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin professoru, 2014-cü ildən isə AMEA-nın müxbir üzvüdür. 

1996-1997-ci illərdə Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinin dekan müavini, 1998-2005-ci illərdə isə həmin fakültənin dekanı vəzifəsində çalışıb. 2006-cı ildən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri vəzifəsində işləyir. 

O, Prezident İlham Əliyevin 16 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 noyabr 2002-ci il tarixli qərarı ilə çoxillilik səmərəli elmi-tədqiqat fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində nəaliyyətlərinə görə Fəxri fərmanla təltif olunub. Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 14 yanvar 2009-cu il tarixli qərarı ilə “İlin alimi” fəxri adını alıb.

Z.Şahverdiyev 100-dən artıq elmi məqalənin, 11  kitabın  (o cümlədən iki dərslik) və iki  proqramın (magistr və bakalavr  hazırlığı üçün) müəllifidir. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (İctimai Elmlər seriyası), AMEA-nın Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının redaksiya heyətinin üzvüdür.

O, həmçinin 5 dissertasiyasının opponenti, 20-dək elmi işin rəyçisi olub. Hazırda Z.Şahverdiyev 3 tarix üzrə fəlsəfə doktoru dissertasiyasının rəhbəridir.

Görkəmli alimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və elmimizin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.