www.science.az
31.10.2017 09:20

Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin iclasında mühüm məsələlər müzakirə olunub

Nizami adına Ədəbiyyat İnstitutunda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Fizika, Əlyazmalar, FəlsəfəAqrokimya və Torpaqşünaslıq institutlarının yeni seçilmiş GAMŞ sədrləri İdarə Heyətinə təqdim olunub. İclasda, həmçinin b.ü.f.d. Ulduzə Mehvalıyeva AMEA GAMŞ-ın yeni məsul katibi seçilib.

Tədbirdə GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək şuraların noyabr ayı ərzində təmsil etdikləri müəssisələrə və müvafiq bölmələrə hesabat təqdim etməli olduqlarını bildirib. Qeyd edib ki, hesabatda gənclərin mühüm elmi nəticələri, xarici nüfuzlu jurnallarda dərc olunan məqalələri, həmçinin şura tərəfindən keçirilən tədbirlər öz əksini tapmalıdır.

F.Salmanov, həmçinin cari il noyabrın 17-də keçiriləcək “Müasir elm – gənclərin baxışı ilə” adlı elmi-praktik konfrans çərşivəsində nəzərdə tutulmuş plenar və interaktiv müzakirələrdə gənclərin fəal iştirakının təmin olunmasının zəruriliyini vurğulayıb.

İclasda, həmçinin Azərbaycan Gənc Alimlərinin I Qurultayına hazırlıq, yeni yaradılacaq “Elmi guşələr” və “Gənc tədqiqatçı” jurnalının növbəti sayı ilə bağlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.