www.science.az
30.10.2017 14:40

Məktəblilərin AMEA-nın Aşqarlar Kimyası İnstitutuna ekskursiyası təşkil edilib

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) elmlə təhsilin inteqrasiyası istiqamətində bir sıra mühüm layihələr həyata keçirilir. Bu məqsədlə Bakı şəhər şəhid Ə.Ələkbərov adına 244 saylı orta məktəbin bir qrup şagirdinin instituta ekskursiyası təşkil edilib. 

Öncə məktəblilər üçün təşkil olunan marifləndirmə seminarında institutun direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, əsas tədqiqat istiqamətləri və burada əldə olunan elmi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, 1965-ci ildən fəaliyyət göstərən institutda sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional təsirli aşqarların sintezinin elmi əsasları öyrənilir. Həmçinin müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi, səmərəli istifadə olunması istiqamətində fundamental tədqiqatlar aparılır. Alim qeyd edib ki, institutda alınan müxtəlif funksional təsirə malik yüksək təsirli yeni aşqarlar oksidləşmə, korroziya, yeyilmə, özlülük və bioloji zədələnmənin qarşısını almaqda tətbiq olunur.

Sonra AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səbuhi Qəhrəmanov çıxış edərək son illər akademiyada gənc nəslin elmə marağını artırmaq məqsədilə olimpiada, müsabiqə və təşviqat xarakterli tədbirlərin geniş vüsət aldığını diqqətə çatdırıb. Bildirib ki, həmin tədbirlərlə yanaşı, şagird və tələbələrin AMEA-nın institutlarına, xüsusən tətbiqi elm kimi kimya elmi müəssisələrinə ekskursiyasının təşkili əhəmiyyətlidir.

Daha sonra şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Məktəblilər institutun Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının işi ilə də tanış olublar. AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev laboratoriyada istifadə olunan zərif-üzvi sintez üsulları, cihaz və avadanlıqların iş mexanizmi, sintez olunan fizioloji fəal maddələr barədə şagirdlərə məlumat verib, əyləncəli təcrübələr nümayiş etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.