www.science.az
12.03.2014 00:00

AMEA Aqrar Elmlər Bölməsinin institutlarında viki-qrupların formalaşdırılması ilə bağlı müzakirələr aparıldı

Bu gün AMEA Rəyasət Heyətində Aqrar Elmlər Bölməsinin(AEB) növbəti yığıncağı keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan AEB-in akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Mahmud Abdullayevgündəlikdəki məsələlər barədə məlumat verdi.

Tədbirdə AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi-müəssisə və təşkilatlarında viki-qrupların təşkili istiqamətində qarşıya qoyulan məqsəd və vəzifələr ətrafında fikir mübadiləsi aparıldı. Vikipediya onlayn ensiklopediyasında Azərbaycanın qədim tarixi, mədəni irsi və aqrar sahə üzrə məlumatların əhatəli şəkildə yerləşdirilməsinin zəruriliyi qeyd olundu.

AMEA Rəyasət Heyətinin “Wikipedia” ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında” 15 yanvar 2014-cü il tarixli Qərarına əsasən yaradılacaq viki-qrupların formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı.

Yaradılacaq qrup tərəfindən viki-mühitdə yer alacaq aqrar sahəyə aid materialların nəzərdən keçirilməsi, mütəmadi olaraq bu sahə üzrə əldə olunan elmi nailiyyətlərin, aqrar sahə üzrə görkəmli alimlərin, onların əsərləri haqqında məlumatların Vikipediya ensiklopediyasında yerləşdirilməsinin zərurliyi vurğulandı.

Tədbirdə, həmçinin görkəmli alim, SSRİ dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, biologiya üzrə elmlər doktoru, professor Rəhim Hüseynovun anadan olmasının 100 illik yubileyi, bölməyə daxil olan institutların 2014-cü il üçün mövzu planlarının təsdiqi məsələləri də müzakirə edildi. Mövzu planlarının təsdiqinə yenidən baxılması qərara alındı.

Sonda bir sıra kadr məsələlərinə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.