Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər ukraynalı həmkarları ilə birgə tədqiqatlar aparır
27.10.2017 16:49
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər ukraynalı həmkarları ilə birgə tədqiqatlar aparır

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan qrant dəstəyi almış “Alternativ enerji mənbəyi kimi Azərbaycanın yanar şistlərinin kompleks tədqiqi, onların istifadə üsullarının texniki-iqtisadi və geoekoloji əsaslandırılması” adlı layihə həyata keçirirlər.

Layihənin məqsədi enerji və xammal resursu kimi yanar şist sənayesinin respublikada inkişafı üçün kompleks geoloji-geofiziki, geokimyəvi tədqiqatların aparılmasıdır.

Bu məqsədlə GGİ-nin Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev və layihənin icraçısı, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov Ukraynanın Kiyev şəhərində ezamiyyətdə olublar.

Səfər çərçivəsində Ukrayna Milli Elmlər Akademiyasının Geologiya Elmləri Bölməsinin rəhbəri, akademik Y.Şnyukov, həmçinin N.P.Semenenko adına Geokimya, Mineralogiya və Filizəmələgəlmə İnstitutunun direktoru A.Ponomarenko ilə görüşdə layihənin mövzusuna dair fikir mübadiləsi aparılıb. Bundan əlavə, Azərbaycanın yanar şistlərinin bəzi mineraloji və geokimyəvi tədqiqatlarının ukraynalı alimlərin çalışdıqları təşkilatlarda aparılması məsələsi də öz həllini tapıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: