www.science.az
27.10.2017 14:06

Fizika İnstitutunda italiyalı alimin iştirakı ilə tədbir keçirilib

Fizika İnstitutunun Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri laboratoriyasının “Ağ işığın alınması və enerji çevrilməsi üçün nadir torpaq elementləri ilə aşqarlanmış sulfid materiallar” layihəsi AMEA və İtaliyanın Milli Tədqiqatlar Şurasının 2016-2017-ci illər üçün nəzərdə tutulmuş birgə qrant müsabiqəsinin qalibi olub.

Sözügedən layihə çərçivəsində institutda seminar keçirilib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov çıxış edərək müəssisədə ağ işıq mənbələri üzrə tədqiqatların aparıldığını və bu sahədə əldə olunan nailiyyətlərin dünya miqyasında maraqla qarşılandığını bildirib. Vurğulayıb ki, institutun bir qrup əməkdaşı xarici mütəxəssislərlə, xüsusilə qrant layihə çərçivəsində italiyalı alimlərlə birgə tədqiqatlar aparır.

Seminarda akademik Bahadur Tağıyevin “İşıq çevrilmələri: fizika, texnologiya, texnika və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. İşıq çevrilmələrinin tarixi haqqında məlumat verən akademik ağ işığın alınmasının və enerjiyə çevrilməsinin elmi kəşf olduğunu söyləyib.

Tədbirdə, həmçinin İtaliya Tətbiqi Fizika İnstitutunun əməkdaşı Stefano Pelli, Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası laboratoriyasının müdiri, professor Oqtay Tağıyev, professor Kərim Allahverdiyev və elmi işçi Tural Nağıyev məruzə ilə çıxış ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.