www.science.az
27.10.2017 09:49

Milli mənəvi dəyərlərimizin qorunması ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır

Oktyabrın 26-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərin təbliği: dünən, bu gün, sabah” adlı konfrans keçirilib.

Tədbiri açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bununla bağlı fəaliyyət bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsis edilən Mənəvi Dəyərlərin Təbliği Fondu barədə də ətraflı məlumat verən Mübariz Qurbanlı Fondun respublikamızdakı dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə yaradıldığını diqqətə çatdırıb. 

Ulu öndər Heydər Əliyevin “İslam dini bizim milli mənəvi dəyərlərimiz arasında çox ciddi yer tutan dəyərlərdən biridir” fikrini xatırladan Mübariz Qurbanlı bildirib ki, mədəniyyəti xalqın böyük sərvəti hesab edən dahi lider mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. M.Qurbanlı vurğulayıb ki, milli mənəvi dəyərlərimizin qorunması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 

Sonra çıxış edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov mövzunun əhəmiyyətini yüksək qiymətləndirib, milli mənəvi dəyərlərimizin tarixən keçdiyi yolda müəyyən çətinliklərlə, qadağalarla qarşılaşmasına baxmayaraq, xalqımızın bu dəyərləri bütün dövrlərdə qoruyub saxlaya bildiyini diqqətə çatdırıb. R.Hüseynov, eyni zamanda, Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsinə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən də danışıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını yüksək qiymətləndirən Milli Məclisin komitə sədri vurğulayıb ki, Fond Azərbaycanın milli mənəvi dəyərlərinin, mədəni irsinin, ədəbiyyatımızın yaratdığı böyük yaradıcılıq örnəklərinin dünyada təbliğ edilməsi ilə ölkəmizin böyüklüyünü, gücünü və qüdrətini bir daha göstərəcək.

Tədbirdə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov,“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və başqaları çıxış edərək dövlətimiz tərəfindən Azərbaycanda bütün sahələrə olduğu kimi, mili mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət göstərildiyini vurğulayıblar.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.