Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.10.2017 16:21
  • A-
  • A
  • A+

“Climate Launchpad 2017”də ölkəmizi təmsil edən komanda ən uğurlu 15 startapdan biri seçilib

“Climate Launchpad 2017”də ölkəmizi təmsil edən komanda ən uğurlu 15 startapdan biri seçilib

Azərbaycanda AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) əsas tərəfdaşlığı ilə həyata keçirilən dünyanın ən böyük “Yaşıl” biznes ideya müsabiqəsi olan “Climate Launchpad 2017”nin qalibləri dünya finalında iştirak ediblər.

Bu barədə məlumatı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən mətbuat konfransında YT Parkın Biznes İnkubasiya Mərkəzinin müdiri Vüsal Süleymanlı verib. Bildirib ki, Azərbaycanda startap ekosistemini təkmilləşdirmək məqsədilə ilk dəfə həyata keçirilən “Climate Launchpad” müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir: “Müsabiqədə iştirak edən komandalar təşəbbüskar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq və qlobal bazara çıxarmaq yollarını araşdıraraq vacib biznes biliklərini layihələri üzərində tətbiq ediblər”.

Sonra tədbirdə “Climate Launchpad” müsabiqəsinin ölkəmizdəki rəsmi tərəfdaşı olan “Social Innovation Lab”ın rəhbəri Cəsur Həsənov çıxış edib. Bildirib ki, Azərbaycanın ilk dəfə qoşulduğu bu layihənin ölkəmizdə keçirilməsinə cari ilin fevral ayından başlanılıb və iştirakçılara təlimlər keçirilib.

Sonra C.Həsənov 17-18 oktyabr 2017-ci il tarixlərində Kiprin Limasol şəhərində keçirilən “Climate Launchpad 2017” müsabiqəsinin finalı haqqında məlumat verib. C.Həsənovun sözlərinə görə, dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimatla çıxış ediblər. Avropa Birliyinin maliyyə yardımı, Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən yarışmada dünyanın 37 ölkəsi iştirak edib.

C.Həsənov tədbirdə ölkəmizi “Climate Launchpad 2017”nin ölkə finalında qalib olan 3 komanda – “Catalyser”, “Sh2ower” və “Emwaes”in təmsil etdiyini söyləyib: “Onlar Azərbaycanı dünyanın “cleantech” xəritəsinə çıxarmaq üçün yarışıblar. Finalda “Catalyser” komandası “CO2”ni “Eco Fuels”a (karbon dioksidi ekoloji yanacağa) səmərəli çevirməyi nəzərdə tutan layihəni təqdim edib. Ölkə finalında birinciliyi qazanan “Catalyser” dünya finalında 35 ölkədən 105 startap arasında ilk 15 komandanın sırasına daxil olaraq, qaliblər sırasına qoşulub”.

Qeyd edək ki, yarandığı dövrdən dünyada mövcud innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, innovativ təşəbbüslərin kommersiyalaşdırılması layihələrinə dəstək verən Yüksək Texnologiyalar Parkı proqramın “qızıl sponsoru” – əsas tərəfdaşıdır. Müsabiqənin “Bürünc sponsoru" isə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: