www.science.az
25.10.2017 16:29

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar toplantı keçirilib

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək ölkəmizdə gənclərlə iş üzrə əldə olunan nailiyyətlərdən, bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Nazir müavini bildirib ki, gənclərin inkişafı, onların dünyagörüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: "Azərbaycanda gənclərin inkişafı istiqamətində qanunlar, İnkişaf Strategiyası və Dövlət Proqramları qəbul olunub. Bunların nəticəsində respublikamızda gənc alimlər, menecerlər, informasiya texnologiyaları üzrə mühəndislər, elm və incəsənət sahəsi üzrə peşəkar mütəxəssislər formalaşıb".

Sonra Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, ölkəmizdə bu sahədə qəbul olunan Dövlət Proqramlarında vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması kimi məsələlərə xüsusi diqqət ayrılıb.

İclasda çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, dörd illik proqramın hədəfində gənclərin kreativ və innovativ perspektivliklərini qiymətləndirmək, onların potensiallarından sosial həyatın bütün sahələrində istifadə etmək, sağlamlıqlarını qorumaq, təhsildə və elmdə onlara dəstək olmaq, ölkə üzrə könüllülük hərəkatını genişləndirmək və digər həlli vacib məsələlər durur.

F.Salmanov GAMŞ-ın gəncləri özündə birləşdirən təşkilat olduğunu və yeni Dövlət Proqramında elmi gəncliyin inkişafına xidmət edəcək çoxsaylı hədəflərin nəzərdə tutulduğunu söyləyib.

Sonra Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və digərləri çıxış edərək proqramın icrası ilə bağlı müxtəlif təkliflər səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.