Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.10.2017 15:25
  • A-
  • A
  • A+

“Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin sonuncu mərhələsi baş tutub

“Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin sonuncu mərhələsi baş tutub

AMEA-nın Əsas binasında “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin sonuncu mərhələsi keçirilib.

Tədbirdə müsabiqə komissiyanın sədr müavini, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu layihənin AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən baş tutduğunu bildirib. Qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etməkdir.

Sonra layihənin koordinatoru, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı çıxış edərək müsabiqənin AMEA-da təhsil alan magistrant və doktorantlar arasında keçirildiyini söyləyib. Qeyd edib ki, müsabiqəyə AMEA-nın müxtəlif institutlarından 140-a yaxın şəxs qeydiyyatdan keçib və onlardan son mərhələyə 60-ı təsdiqlənib.

Q.Vaqifqızı layihə çərçivəsində inşa və ifadələrin yazıldığını, dialekt sözlərin deyilməsi və izah edilməsi ilə bağlı müsahibənin keçirildiyini, həmçinin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında biliklərin yoxlanıldığını söyləyib.

Daha sonra klassik və müasir Azərbaycan poeziyasından seçmə şeir nümunələrinin deyilməsi ilə müsabiqənin sonuncu mərhələsi baş tutub.

Qeyd edək ki, komissiya üzvləri iştirakçıların fəaliyyətini 10 ballıq sistemlə qiymətləndirib. Yekunda müsabiqədə ən yüksək bal toplayan 3 nəfər pul mükafatı ilə təltif olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: