Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Hüquqi Təminat Şöbəsi seminar keçirdi

AMEA Hüquqi Təminat Şöbəsi seminar keçirdi

Bu gün AMEA-nın Əsas binasında AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Hüquqi Təminat Şöbəsi tərəfindən AMEA institut və təşkilatlarının ümumi şöbələrinin məsul şəxsləri ilə kargüzarlıq işlərinin aparılması qaydaları ilə bağlı seminar keçirildi.

Tədbiri giriş sözü ilə açan şöbənin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev dövlət hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydalarının AR Prezidentinin 27 sentyabr 2003-cü il tarixli Fərmanına əsasən həyata keçirildiyini diqqətə çatdırdı. Əlavə etdi ki, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının nəzdindəki kargüzarlıq işlərinin həyata keçirildiyi Ümumi şöbə Rəyasət Heyətinin qərarına əsasən Katiblik və Protokolşöbələrinə ayrılmışdır.

Daha sonra R.Ağasiyev dövlət hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları haqqında AR Prezidentinin 29 dekabr 1998-ci il tarixli Fərmanı haqqında ətraflı məlumat verdi.

Vətəndaşların müraciətlərinə baxılması qaydalarından danışan Hüquqi təminat şöbəsinin əməkdaşı Aygün Ələsgərova bildirdi ki, bu qaydalar “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanunu ilə tənzimlənir. A.Ələsgərova müraciətlərə baxılma formaları, müddəti və müraciətlərə əsasən qəbul olunan qərarlar haqqında ətraflı məlumat verdi.

Sonda şöbənin baş mütəxəssisi Bahar Həsənova AMEA Folklor İnstitutun elmi işlər üzrə direktor müavini Abuzər Gülməmmədov, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı Katibliyinin baş mütəxəssisi Qəmər Eyvazova, AMEAİnformasiya Texnologiyaları İnstitutunun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova, AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Vüsalə Həsənova və digərlərinin suallarını cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: