www.science.az
24.10.2017 15:20

Naxçıvan Bölməsində Hüseyn Cavidin 135 illiyinə həsr olunan konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilən “Hüseyn Cavid: XX əsr Azərbaycan və dünya romantizminin görkəmli nümayəndəsi” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Hüseyn Cavidin həyat və yaradıcılığından, repressiya illərinin acı faciələrindən, görkəmli şairin istintaqa cəlb olunması və uzaq Sibirə sürgün edilməsindən danışıb. Qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ədibin nəşi Vətənə gətirilib, məzarı üzərində möhtəşəm məqbərə ucaldılıb.

Akademik ölkə rəhbərliyi tərəfindən Cavidlər irsinə göstərilən diqqət və qayğının bütövlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər olduğunu bildirib.

Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Hüseyn Cavid: taleyi və sənəti”, həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov “Hüseyn Cavid fəaliyyətinin Naxçıvan dövrü”, Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanov “Hüseyn Cavid və Naxçıvan teatrı” mövzusunda məruzə ilə çıxış ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.