www.science.az
23.10.2017 12:42

Dünyanın 20-dən artıq ölkəsinin seysmoloqları Bakıda toplaşıblar

Oktyabrın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Şəbəkə idarəetmə sistemləri və seysmik analitik alətlər üzrə təlim" mövzusunda beynəlxalq konfrans işə başlayıb. 

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM), Ukrayna Elm və Texnologiya Mərkəzi, Lourens adına Milli Livermor Laboratoriyası, ABŞ-ın Enerji Departamenti və ABŞ-ın Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutunun (IRIS) dəstəyi ilə baş tutan tədbirdə dünyanın 20-dən artıq ölkəsindən seysmoloqlar iştirak edir.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq müxtəlif ölkələrin seysmoloqları arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və qarşılıqlı təcrübə mübadiləsi baxımından konfransın əhəmiyyətini vurğulayıb. Azərbaycanda seysmologiya elminin inkişaf tarixindən, bu istiqamətdə aparılan mühüm tədqiqatlardan danışan alim son 50-60 ildə ölkəmizdə seysmoloji tədqiqatların intensiv xarakter aldığını diqqətə çatdırıb. Bildirib ki, respublikada aparılan seysmoloji müşahidələr, seysmik xidmət daim dövlətin diqqət mərkəzindədir. Bu günədək aparılmış tədqiqatlarda Azərbaycanın seysmik rejimi müəyyən edilib, palçıq vulkanları ilə seysmikliyin əlaqələri müəyyənləşdirilib, Xəzərin seysmikliyinin öyrənilməsi üçün dib seysmoqrafları alınıb.

Azərbaycanda seysmologiya sahəsində əldə olunan uğulardan danışan AMEA-nın rəhbəri bildirib ki, 2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələdən dərhal sonra ulu öndər Heydər Əliyevin göstərişinə əsasən, respublikada seysmik xidmətin işinin modernləşdirilməsi məqsədi ilə tender elan edilib və ilkin olaraq Respublika Seysmoloji Xidmət Mərkəzi üçün ABŞ-ın “Kinemetriks” şirkətinin istehsalı olan telemetrik peyk rabitəsi ilə işləyən 14 dəst telemetrik seysmik stansiya alınıb. Alim hazırda Azərbaycanda 35 telemetrik seysmik stansiyanın fəaliyyət göstərdiyini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikası Fövqəladə hallar nazirinin (FHN) müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə tədbirin böyük əhəmiyyətə malik olduğunu söyləyərək sesmologiyaya dair elmi müzakirələrin aparılmasının ölkəmizin həmin sahədəki problemlərinin həllinə önəmli töhfələr verəcəyinə əminliyini bildirib. AMEA ilə FHN arasındakı mövcud əlaqələrdən danışan F.Tağızadə iki qurumun təbii və texnogen proseslərin, digər təhlükələrin öyrənilməsi istiqamətində hazırda birgə tədqiqatlar apardığını qeyd edib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən nazirliyin AMEA ilə birgə “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nı nəşrə hazırladığını diqqətə çatdırıb.

Tədbirdə ABŞ-ın Enerji Departamentinin proqram rəhbəri V.Vanderer təmsil etdiyi qurumun fəaliyyəti və perspektiv planları barədə ətraflı məlumat verib.

Daha sonra RSXM-ın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli “Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti” mövzusunda məruzəsini təqdim edib. Azərbaycanda seysmik müşahidələrə başlanılması tarixindən bəhs edən alim bildirib ki, respublika ərazisində 22 GPS stansiya quraşdırılıb, mərkəzin geofizika və geokimya bölmələrinin texniki avadanlığı və cihazları yenilənib.

Q.Yetirmişli vurğulayıb ki, RSXM-də aparılan kompleks tədqiqat işlərinin keyfiyyətinin artması xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlar tərəfindən də maraqla qarşılanır. Mərkəz 20-dən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir.

Konfransda, həmçinin Birləşmiş Seysmoloji Tədqiqat İnstitutları (IRIS) tərəfindən hazırlanmış seysmik dalğa məlumatlarının idarəetmə vasitələri, “SeisComp3” məlumatların yığılması və işlənməsi vasitəsi, “ILoc” hadisənin yerinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tədbir oktyabrın 27-də yekunlaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.