www.science.az
20.10.2017 15:55

“Azərbaycan alimləri diasporası” informasiya sistemi işlənilir

Məlumdur ki, Prezident İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın icrası istiqamətində AMEA Rəyasət Heyətinin 18 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilən “Tədbirlər Planı”nın bəndlərindən biri “Azərbaycan alimləri diasporası” informasiya sisteminin işlənilməsi məsələsinə həsr olunmuş, bu vəzifə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmişdir. 

İnstitutun Elmi şurasının iclasında çıxış edən şöbə müdiri Gülnarə Nəbibəyova bu məqsədlə İşçi Qrupun yaradıldığını, Fəaliyyət Planının hazırlandığını və rəhbərlik etdiyi şöbənin mütəxəssisləri tərəfindən “Azərbaycan alimləri diasporası” informasiya sisteminin işlənildiyini bildirib. O, sistemin kontent təminatı ilə əlaqədar olaraq xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında məlumatların əldə edilməsilə bağlı məktubların hazırlandığını və müvafiq təşkilatlara göndərildiyini qeyd edib.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan alimləri diasporası” informasiya sisteminin dünyanın müxtəlif ölkələrində yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlərin fəaliyyətinin işıqlandırılması və dünya ictimaiyyətinə çatdırılması, onlarla əməkdaşlıq əlaqələrinin təşkili istiqamətində böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

“Bu sistemin işlənilməsi üçün xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərlə əlaqələr qurmaq, onların fəaliyyəti haqqında dolğun məlumatlar əldə etmək zəruri məsələlərdəndir”, – deyə bildirən akademik R.Əliquliyev institut əməkdaşlarını da bu prosesdə fəal iştirak etməyə çağırıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.