www.science.az
20.10.2017 15:31

"Türkologiya” jurnalı Modern Dil Assosiasiyasının biblioqrafik indeksinə daxil edilib

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı ABŞ-da fəaliyyət göstərən Modern Dil Assosiasiyası (Modern Language Association - MLA) tərəfindən Beynəlxalq Dil Assosiasiyasının Biblioqrafiyasına daxil edilib.

Bu əlamətdar hadisə ilə bağlı məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, Türk dünyasının nüfuzlu elmi nəşrlərindən olan “Türkologiya” jurnalı cari ilin oktyabr ayında MLA-nın biblioqrafik indeksinə daxil edilib. MLA ədəbiyyat, dil tarixi, etnoqrafiya, folklor və digər sahələrdə beynəlxalq istinad mənbəyidir. Biblioqrafiya 1,5 milyondan çox istinad mənbəyini əhatə edir. Milyonlarla tədqiqatçının istifadə etdiyi biblioqrafiyanın həm çap, həm də onlayn versiyası mütəmadi yenilənir. Bir çox Şimali Amerika və Avropa ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri MLA-ya abunə olurlar.

E.İbrahimovun sözlərinə görə, AMEA Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru təyin olunduqdan sonra nəşrdə dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, mədəniyyət, incəsənət, yazılı abidələr və türkoloji mərkəzlərlə bağlı məqalə və resenziyaların çapına da qərar verilib.

Qeyd edək ki, “Türkologiya” jurnalının ildə dörd sayı nəşr olunur. Jurnalla bağlı ətraflı məlumatı www.turkologiya.org saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.