Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub
20.10.2017 09:52
  • A-
  • A
  • A+

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

Oktyabrın 19-da Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın “Azərbaycan bayrağı” adlı kitabının təqdimatı olub.

Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə müəllif Könül İmamverdiyeva kitabın məziyyəti haqqında məlumat verib. Bildirib ki, yeni nəşr bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə həsr edilib. Kitabın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, rəyçisi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.

K.İmamverdiyeva qeyd edib ki, nəşrin hazırlanmasında məqsəd bayrağımızın müstəqil dövlətçilik tarixində, habelə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsnalığını sistemli şəkildə oxuculara çatdırmaqdır. O, kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

Sonra çıxış edən akademik Yaqub Mahmudov kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan ərazisində yaranmış orta əsr dövlətlərinin bir neçə bayrağının ilkin mənbələr əsasında tədqiqi və kitabda yer alması nəşrin elmi əhəmiyyətini artırıb. Milli rəmzlərimizin bərpası və qəbulunda ulu öndər Heydər Əliyevin çoxsaylı xidmətlərinin olduğunu söyləyən alim qeyd edib ki, bu gün Prezident İlham Əliyev dövlət bayrağımızın təbliği istiqamətində müstəsna işlərin həyata keçməsi üçün xüsusi göstərişlər verir. Dövlət bayrağı ilə bağlı qanunvericilik bazasının formalaşması, bu yöndə həyata keçirilən müvafiq işlər ölkə rəhbərliyinin bu sahəyə olan diqqət və qayğısının nəticəsidir.

Tədbirdə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli və başqaları kitabın elmi əhəmiyyətindən danışıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: