www.science.az
19.10.2017 09:35

Azərbaycanın dövlət müstəqilliyi ən böyük sərvətimizdir

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) ölkəmizin dövlət müstəqilliyinin bərpasının iyirmi altıncı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü bildirib ki, müstəqillik xalqların həyatında böyük rol oynayan amildir. Azərbaycanın üç minillik dövlətçilik tarixi var. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib.

Qeyd olunub ki, 1990-cı illərin əvvəllərində Ermənistanın torpaqlarımıza hərbi təcavüzü ilə müşayiət olunan dərin siyasi-iqtisadi böhran, hakimiyyət çəkişmələri müstəqilliyin yenidən itirilməsi təhlükəsini yaradıb. Məhz belə bir məqamda Azərbaycan xalqı dünya şöhrətli, müdrik siyasətçi Heydər Əliyevə üz tutub, onu Naxçıvandan Bakıya dəvət edib və yenidən özünə rəhbər seçib. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir” məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlayıb. 

Y.Şükürlü müstəqillik dövründə Azərbaycanda elm və təhsil sahəsində əldə olunan uğurlardan da danışıb.

Tədbirdə mərkəzin Landşaftşünaslıq şöbəsinin müdiri, g.m.ü.f.d. Hüseyn Mustafabəyli, Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov və digərləri çıxış edərək bu günün tarixi əhəmiyyətindən, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.