Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub
19.10.2017 09:44
  • A-
  • A
  • A+

“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

Oktyabrın 19-da Azərbaycan Respublikasının Əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyevin “Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı keçirilib.

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti tərəfindən birgə təşkil olunan tədbiri giriş nitqi ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Naxçıvanın tarixi inkişafı və müasir yüksəlişinin təbliği baxımından fundamental nəşrin əhəmiyyətini qeyd edən alim bildirib ki, əsər iki bölmədən ibarətdir. Birinci bölmədə alimin müxtəlif illərdə yazdığı, respublikamızda və onun hüdudlarından kənarda nəşr etdirdiyi çoxsaylı məqalələrindən seçmələr toplanılıb. Məqalələrin böyük əksəriyyəti müstəqil Azərbaycanın xilaskarı və qurucusu ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, müstəqillik dövründə ulu öndərin siyasi kursu və bu kursun uğurla davam etdirilməsi sayəsində sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində qazanılan uğurların əhatəli şəkildə araşdırılmasına həsr olunub.

Nəşrin ikinci bölməsində isə müəllifin “Naxçıvan tarixi” üçcildliyinin 2-ci cildi üçün “Naxçıvanın Rusiya tərəfindən işğalı” və “Naxçıvan XIX əsrdə” adlı irihəcmli bölmələrə yazdığı fəsillər yer alıb.

Qeyd olunub ki, kitabda qədim türk-oğuz yurdu olan Naxçıvanın dünya eposunun nadir incilərindən olan “Kitabi-Dədə Qorqud” dünyası ilə bağlılığı məsələlərinə nəzər salınır,  bu bölgənin ulu keçmişi bir daha diqqət mərkəzinə çəkilir. Əsərdə Rusiya işğalından sonra bölgəyə köçürülmüş ermənilərin əməlləri, onların müxtəlif vaxtlarda xalqımıza qarşı törətdikləri qanlı qırğınları fakt və sənədlərin dili ilə verilir.

Tədbirdə daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanın tarixi inkişafına və müasir yüksəlişinə həsr edilmiş qiymətli əsər” mövzusunda məruzəsi dinlənilib.

Mərasimdə Naxçıvan Dövlət Universitetinin professoru Hüseyn Həşimli, “Naxçıvan” Universitetinin  dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev çıxış edərək yeni nəşri milli tariximizin araşdırılması üçün dəyərli əsər kimi qiymətləndiriblər.

Sonda çıxış edən müəllif Zəhmət Şahverdiyev tədbirin təşkilatçılarına və iştirakçılarına, həmçinin kitabın işıq üzü görməsində əməyi olanlara təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: