www.science.az
19.10.2017 14:44

AMEA-nın prezidenti Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak edib

Oktyabrın 18-də Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və din xadimlərindən ibarət nümayəndə heyəti, Türkiyənin din xadimləri iştirak ediblər. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, deputat Cavanşir Paşazadə və digərləri daxildir.Əvvəlcə konfransda Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanov dövlət başçısı Şavkat Mirziyayevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli”ndə Özbəkistanda bu tədbirin keçirilməsindən məmnunluğunu bildirib. Özbəkistanın İslam dünyasının bir hissəsi kimi İslam sivilizasiyasının inkişafına öz töhfəsini verdiyini söyləyən şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, bu konfrans Azərbaycanın və Özbəkistanın İslam həmrəyliyi ideyalarına, o cümlədən mədəniyyətlərarası dialoq ənənələrinə sadiq olduğunu sübut edir. 

Şeyxülislam vurğulayıb ki, müstəqil Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməli ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu gün bu münasibətləri ölkə prezidentləri İlham Əliyev və Şavkat Mirziyayev uğurla davam etdirirlər. Azərbaycan və Özbəkistan inamla irəliyə doğru addımlayır.

Daha sonra Mübariz Qurbanlı Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə qeyd olunur ki, müsəlman intibahında mühüm rol oynayan Azərbaycan və Özbəkistan Şərqlə Qərb arasında birləşdirici körpü olaraq müxtəlif mədəniyyətlərin, dinlərin və konfessiyaların inkişafına əvəzsiz töhfə verib. Bu günlərə qədər qorunub saxlanılan tolerantlıq və mədəni-etnik rəngarənglik mühiti xalqlarımızın mənəvi zənginliyini göstərən tarixi nailiyyətdir.

Beynəlxalq konfransda Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək xalqımızın tarixi keçmişindən qalan tolerantlıq və multikulturalizm prinsiplərinin ölkəmizin qanunvericiliyində də öz əksini tapdığını bildirib. Qeyd edib ki, parlament “Dini etiqad azadlığı haqqında”, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunlar qəbul edib.

Parlamentin komitə sədri vurğulayıb ki, xalqlarımızın İslam sivilizasiyasına verdiyi töhfəni dahi Azərbaycan şairi Nizami Gəncəvinin, Azərbaycan alimi Nəsirəddin Tusinin, dahi özbək şairi Əlişir Nəvainin, məşhur alim və dövlət xadimi Mirzə Uluqbəyin yaradıcılığında görmək olar. Bu yaxınlığın nəticəsidir ki, Bakıda Əlişir Nəvainin, Daşkəndə Nizami Gəncəvinin abidələri qoyulub.

Tədbirdə çıxış edən Milli Məclisin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Azərbaycanın bütün dünyada İslam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış etdiyini vurğulayıb.

M.Qurbanlı bildirib ki, İslam həmrəyliyi bu gün İslam dünyası qarşısında duran mühüm vəzifədir. İslam həmrəyliyi ancaq müsəlman ölkələrində deyil, bütün dünyada harmoniyanın və dinc yanaşı yaşamağın mühüm şərtlərindəndir. Müsəlman dünyasını ümumi məqsəd əsasında birləşdirmək və vahid mövqedən çıxış etmək Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müsəlman ölkələri öz aramızdakı problemləri sülh yolu ilə həll etməli və həmrəyliyi gücləndirməliyik.

Daha sonra çıxış edən AMEA-nın prezidenti akademik Akif Əlizadə ölkəmizdə ayrı-ayrı dinlərin nümayəndələrinin sülh şəraitində yaşadığını, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirib. Bir neçə il bundan əvvəl Bakının İslam mədəniyyətinin paytaxtı elan edildiyini söyləyən alim Azərbaycanda milli mənəvi dəyərlərə hörmət edildiyini vurğulayıb. Qeyd edib ki, gələcək nəsillər dini fanatizmin qurbanına çevrilməməlidir. Bu məsələdə, ilk növbədə, biz alimlər və ilahiyyatçılar məsuliyyət daşıyırıq. Təkcə İslam alimləri deyil, həm də tarixçilər, şərqşünaslar, hətta dəqiq fundamental elmlərin nümayəndələri bu işdə fəal olmalıdırlar.

Fasilədən sonra konfrans işini panel iclasla davam etdirib. İclaslarda “Din və sosial əməkdaşlıq”, “Azərbaycanda dövlət-din münasibətləri”, “Müasir dünyagörüşdə tolerantlıq problemləri: keçmiş və müasirlik”, “Tolerantlığın formalaşmasında dinin rolu”, “Müasir İslam dünyagörüşündə tolerantlıq problemləri” mövzularında məruzələr dinlənilib.

Konfransın yekununda kommunike qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.