www.science.az
18.10.2017 17:05

Kimya Elmləri Bölməsi ilə Biologiya və Tibb Elmləri Bölməsinin birgə iclası keçirilib

AMEA-nın Kimya Elmləri Bölməsi (KEB) ilə Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) birgə ümumi yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

Daha sonra AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin “Fizioloji fəal üzvi birləşmələrin sintezi, tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” mövzusunda məruzəsini təqdim edib. V.Fərzəliyev rəhbərlik etdiyi müəssisədə neft məhsullarının mikrobioloji zədələnməsinin qarşısını alan bioloji fəal maddələrin – biosidlərin sintezi, tədqiqi və tətbiq sahələrində əldə olunan nailiyyətlərdən danışıb. İnstitut alimlərinin mikrobioloq və fizioloqlarla birgə apardıqları tədqiqatlardan bəhs edən natiq sintez edilmiş biosidlərin digər sahələrdə bioloji fəallığının araşdırıldığını vurğulayıb.

Bu istiqamətdə qazanılan uğurlara əsaslanaraq 2015-ci ildə AMEA Rəyasət Heyəti tərəfindən təsdiqlənmiş “Fizioloji fəal maddələrin sintezi, tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” adlı multidissiplinar elmi proqramdan söz açan institut direktoru Aşqarlar Kimyası, Mikrobiologiya və Fiziologiya institutları tərəfindən icra edilən birgə layihənin nəticələri barədə məlumat verib.

Yığıncaqda, həmçinin fizioloji fəal maddələrin sintezi və tədqiqi sahəsində Aşqarlar Kimyası İnstitutunun müştərək beynəlxalq layihə çərçivəsində fəaliyyəti, bu sahədə institutla əməkdaşlıq etmək niyyətində olan xarici elmi mərkəzlərlə bağlı məlumatlar, o cümlədən multidissiplinar elmi proqramlar üzrə çap olunmuş elmi əsərlər və perspektiv planlar iştirakçıların diqqətinə çatdırılıb.

Məruzə dinlənildikdən sonra suallar cavablandırılıb, aidiyyatı sahələr üzrə alimlərin çıxışları dinlənilib. 

Tədbirdə AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev məruzənin tarixi icmal xarakter daşıdığını və burada Aşqarlar Kimyası İnstitutunun son illər əldə etdiyi uğurların təcəssüm olunduğunu qeyd edib, tədqiqat mövzusunu yüksək qiymətləndirib. Kimyaçı, bioloq, fizioloq, farmakoloq və həkimlərin birgə tədqiqat aparmalarının zəruriliyini vurğulayan akademik D.Tağıyev müştərək fəaliyyət nəticəsində daha mühüm nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Sonda akademik Əhliman Əmiraslanov çıxış edərək bugünkü multidissiplinar xarakterli toplantının mühüm əhəmiyyət kəsb etdiyini və gələcəkdə böyük tədqiqatlara yol açacağını bildirib.

Məruzə AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunmağa tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.