www.science.az
18.10.2017 15:03

V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək

Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub.

Tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.

Əvvəlcə qonaqlar mərkəzin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev simpoziumun əhəmiyyətindən, burada müzakirə ediləcək məsələlərin aktuallığından, xalça sənətinə göstərilən diqqət və qayğıdan və ölkəmizdə dünyada bərabəri olmayan müasir xalça muzeyinin yaradılmasından söz açıb.

Tədbir haqqında ətraflı məlumat verən nazir bildirib ki, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi, AMEA və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə birgə müvafiq tədbirlər planı hazırlanıb. Simpoziumda 25-dək ölkəni təmsil edən xalça sənəti üzrə aparıcı mütəxəssislər iştirak edir.

“Azərbaycan xalça sənəti bu gün dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilib” – deyən Əbülfəs Qarayev hazırda Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində işlərin uğurla davam etdirildiyini bildirib. O, simpoziumun dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə verəcəyini qeyd edib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalça sənətinin öyrənilməsi, tədqiqi, dünyada təbliği istiqamətində aparılan elmi araşdırmalardan bəhs edib. Bildirib ki, xalça sənəti AMEA-da bir neçə istiqamətdə öyrənilir və tədqiq edilir. Son illər akademiyanın alimləri tərəfindən bu yöndə mühüm işlər görülərək sanballı elmi əsərlər nəşr edilib. 2016-cı ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə “Azərxalça” ASC-nin birgə səyi nəticəsində Xalçaçılıq Mərkəzi fəaliyyətə başlayıb. Qısa zaman kəsiyində mərkəz tərəfindən iki sanballı tədqiqat əsəri çap olunub. 

AMEA-nın vitse-prezidenti bugünkü tədbirin xalçaçılıq elminin inkişafına yeni töhfələr verəcəyinə, ölkəmizin xalçaçı alimləri ilə dünyanın nüfuzlu tədqiqatçıları arasında yeni körpülər yaradacağına əminliyini ifadə edib. 

Tədbirdə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, professor Vidadi Muradov belə bir tədbirin dünyanın qədim və zəngin xalçaçılıq mərkəzlərindən olan Azərbaycanda təşkil olunmasına görə, Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bütün iştirakçılar adından təşəkkürünü bildirib.

Simpoziumun keçirilməsinin dünya xalçaçılığında müstəsna əhəmiyyətə malik hadisə olduğunu söyləyən V.Muradov deyib ki, Azərbaycan xalçası beynəlxalq miqyasda tanınmış və qəbul olunmuş milli, eyni zamanda, bəşəri dəyərdir. Simpozium Azərbaycan xalçasını və xalçaçısını tanıtdırmağa, yarandığı tarixi xalçaçılıq məntəqələri ilə tanış olmağa imkan yaradır. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, ötən ildən başlayaraq burada “Xalçaçı günü” qeyd edilir.

Tədbirdə İCOC-un Akademik Komitəsinin sədri Alberto Boralevi, İCOC İcraiyyə Komitəsinin sədri Vandel Svan, İslam İncəsənət Muzeyinin elmi işçisi, “Hali Publication Limitet” şirkətinin direktoru Maykıl Fransis və başqaları çıxış edərək Şərq və Qərbi təmsil edən nüfuzlu alimləri bir araya gətirən simpoziumda xalçaçılıq sənətinin gələcək inkişafı ilə bağlı müzakirələrin aparılacağını bildiriblər.

Sonda Maykıl Fransis “Qafqaz ulduzları: XVI-XVIII əsrlərdə Azərbaycanın naxışları” adlı kitabı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edib. Bildirib ki, kitabda erkən Azərbaycan tikmələri, Osmanlı dövrü, Azərbaycanda xanlıqlar və XIX əsr Azərbaycan xalça sənəti haqında geniş məlumatlar yer alıb. 

Simpozium oktyabrın 21-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.