www.science.az
17.10.2017 16:20

“Şəxsiyyət Dövlət Möcüzə...” kitabının təqdimatı olub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq üzrə elmlər doktoru, professor Əli Rzayevin “Şəxsiyyət Dövlət Möcüzə...” adlı kitabının təqdimatı olub.

Mərasimdə Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, millət vəkilləri, alimlər və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru Nazim Cəfərli çıxış edərək Ə.Rzayevin təkrarçılıqdan uzaq, öz dəsti xətti ilə seçilən, əsərlərində hüququ, ədəbiyyatı, mədəniyyəti və milli məsələləri peşəkarcasına vəhdət halında oxuculara təqdim edən alim olduğunu bildirib. N.Cəfərli nəşrin ictimaiyyət üçün aktual mövzuya həsr olunduğunu və burada bir-biri ilə üzvi bağlı olan şəxsiyyət-dövlət-möcüzə probleminin hüquq prizmasından araşdırıldığını söyləyib. Qeyd edib ki, kitabda şəxsiyyətin məzmunu, insanın canlı aləmdə yeri, dövlətin təşəkkülü və mahiyyəti, Şumer və Quran möcüzələri haqqında dünya alimlərinin fikirləri, Şərq mədəniyyətinin Qərbə transformasiya yolları müxtəlif aspektlərlə təhlil olunur. N.Cəfərli nəşrdə, həmçinin dövlət və cəmiyyət münasibətlərinin, dövlətin tarixi tiplərinin, vətəndaş cəmiyyətinin yaranmasının və mahiyyətinin də araşdırıldığını diqqətə çatdırıb.

Tədbirdə Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, millət vəkilləri - Fazil Mustafa, Elman Nəsirli, Zahid Oruc, Qüdrət Həsənquliyev və digərləri çıxış edərək yeni nəşrdə dövlətçilik tarixi ilə bağlı önəmli faktların əksini tapdığını və Ə.Rzayevin öz şərhləri ilə bu faktları zənginləşdirdiyini söyləyiblər.

Sonda kitabın müəllifi Əli Rzayev tədbirin təşkilatçılarına və iştirakçılarına və nəşrin işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.